İDMAN
Azərbaycan Respublikası Atçılıq Federasiyasının yaranmasının 20 illik yubileyi qeyd edilib
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) yaranmasının 20 illiyi münasibətilə Binə Atçılıq Mərkəzinin ərazisində yerləşən “Elite Events Hall”da tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ARAF-ın rəhbərliyi, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, idmançılar, məşqçilər iştirak ediblər.
Əvvəlcə ARAF-ın 20 illik fəaliyyətinin yekunları, qazanılan uğurlara dair film nümayiş olunub.
Federasiya prezidenti Elçin Quliyev tədbirdə çıxış edərək ötən 20 ildə əldə olunan nailiyyətlərdən və Azərbaycanda atçılıq idmanının inkişafından danışıb.
Sonra mükafatlandırma mərasimi keçirilib.
İyirmi il ərzində federasiyanın inkişafına verdikləri dəstəyə görə İsa Nəcəfov, Mahir Muradov və Bəsirət Quliyev xüsusi mükafatla təltif ediliblər. Həmçinin il ərzində əldə edilən yüksək nailiyyətlərə görə federasiyanın idmançılarına, məşqçilərə, hakimlərə və digər mütəxəssislərə fəxri diplomlar, habelə mükafatlar təqdim olunub.
Mükafatlandırma mərasimindən sonra “Ukraynanın səsi” yarışmasının finalçısı Vaqif Nağıyev “Ümid yağışı” adlı konsert proqramı ilə çıxış edib.