Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, Fondun 2015-ci il büdcəsinin gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2015-ci ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna nəzərdə tutulmuş ayırmaların (transfertin) rüblük və aylıq bölgüsünü Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə razılaşdırmaqla 15 gün müddətində təsdiq etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına və büdcədən maliyyələşən təşkilatların rəhbərlərinə tapşırılsın ki, büdcədənkənar vəsaitlər üzrə əvvəlki illərdə yaranmış məcburi dövlət sosial sığorta haqları borclarını 2015-ci il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə alsınlar.

6. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər və rayon icra hakimiyyətlərinə tapşırılsın ki, ərazilərindəki dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə birlikdə tədbirlər həyata keçirsinlər.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2014-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin