Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar
№ 195

 Bakı şəhəri, 12 sentyabr 2012-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 6 aprel tarixli 322-IVQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 631 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 196; 2001, № 10, maddə 663; 2003, № 6, maddə 342; 2005, № 4, maddə 386; 2006, № 5, maddə 463, № 9, maddə 822; 2008, № 2, maddə 125, № 8, maddə 782; 2011, № 5, maddə 455; 2012, № 5, maddə 487; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 iyul tarixli 150 nömrəli qərarı) ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"nin 7.1-ci bəndində "texniki baxışdan keçirməməyə" sözləri "texniki baxışdan keçirmədən idarə etməyə" sözləri ilə əvəz edilsin və bu bəndə aşağıdakı məzmunda "Qeyd" əlavə edilsin:

"Qeyd. Şəxs nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 10 (on) gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən məsuliyyətə cəlb olunmur.".

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin