İQTİSADİYYAT
Azərbaycan Respublikası ilə Stavropol diyarı arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
23 may, AZƏRTAC
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Rusiya Federasiyasının Stavropol diyarı hökumətinin sədr müavini Nikolay Velikodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə Stavropol diyarı arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, nazir müavini qonaqlara 9-cu “CaspianAgro” Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etdiklərinə görə təşəkkürünü bildirdi. İ.Quliyev son dövrlərdə respublikamızda kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sektorun inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, elektron kənd təsərrüfatı sisteminin tətbiq olunması istiqamətində görülən işlər barədə geniş məlumat verdi, Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu vurğuladı.
Nikolay Velikodan sərginin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırdı və bir neçə emal müəssisəsində olduqlarını, Azərbaycanın iqtisadi yüksəlişinə heyran qaldıqlarını bildirdi.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Stavropol diyarı arasında kənd təsərrüfatının taxılçılıq, toxumçuluq və cins mal-qara sahələrində əməkdaşlığın perspektiv imkanları müzakirə olundu.