CƏMİYYƏT


“Azərbaycan Respublikasının Geoiqtisadi Atlası” nəşr edilib

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən “Azərbaycan Respublikasının Geoiqtisadi Atlası” ingilis dilində nəşr edilib.

Strateji Araşdırmalar Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, üç hissədən ibarət olan atlasda Azərbaycanın iqtisadiyyatı və xarici ticarət əlaqələri haqqında ümumi göstəricilər, ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlar və dünya iqtisadiyyatında böyük paya sahib olan dövlətlər ilə iqtisadi əlaqələri, regional, qlobal enerji, nəqliyyat layihələrində respublikamızın rolu və mövqeyi haqqında məlumatlar əksini tapıb.

Atlasın birinci hissəsində Azərbaycan iqtisadiyyatı haqqında ümumi məlumat verilib, ÜDM-in səviyyəsi, ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı və sənayenin payı göstərilib. Bundan başqa, həmin hissədə son on il (2005-2015) ərzində Azərbaycanın xarici ticarət əlaqələrinin dinamikası, həm idxal, həm də ixrac üzrə əsas ticarət tərəfdaşları ilə iqtisadi əlaqələri, həmçinin ölkəmizin qeyri-neft sektoru üzrə xarici ticarət əlaqələri, iqtisadiyyata yönəldilmiş daxili və xarici investisiyalar üzrə göstəricilər verilib.

İkinci hissədə Azərbaycanın Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi, Avrasiya İqtisadi Birliyinə üzv dövlətlər, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat (GUAM), Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Türk Şurası və Körfəz Əməkdaşlıq Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar ilə ticarət əlaqələrinin dinamikası və bu əlaqələrin ölkəmizin iqtisadiyyatında payı əksini tapıb. Bu hissədə Azərbaycanın Çin Xalq Respublikası və Amerika Birləşmiş Ştatları kimi güclü iqtisadiyyata malik dövlətlərlə ticarət əlaqələrinə dair göstəricilər də yer alıb.

Üçüncü hissədə Azərbaycanın iştirak etdiyi, istifadə olunan, tikilən nəqliyyat və enerji xətləri layihələri haqqında ümumi məlumat, həmçinin ölkəmizin bu layihələrdə pay göstəriciləri verilib. Burada Bakı-Tbilisi-Qars dəmiryolu xətti, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi və onun potensialı, Azərbaycanın bu layihələrdə mövqeyinə dair məlumatlar da əksini tapıb. Enerji layihələri çərçivəsində isə hazırda istismar edilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk neft boru kəmərləri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri, tikintisi davam etdirilən və Azərbaycanın da böyük pay sahibi olduğu “Cənub Qaz Dəhlizi” və digər layihələr haqqında məlumatlar verilib. Atlasın üçüncü hissəsində, həmçinin tarixi İpək Yolunun bərpası üçün Azərbaycanın irəli sürdüyü təşəbbüslər, bu istiqamətdə iştirak etdiyi TRASEKA və “Bir kəmər, bir yol” kimi layihələr haqqında məlumatlar da əksini tapıb.

Sonda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş rayonları haqqında məlumat verilib.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan və nadir geoiqtisadi xəritələr toplusundan ibarət bu atlas Azərbaycan iqtisadiyyatı haqqında dolğun təsəvvür yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.