ELM VƏ TƏHSİL
“Azərbaycan Respublikasının Konstitusiyası–20 il” mövzusunda inşa yazı müsabiqəsi
Bakı, 28 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müvafiq əmrinə əsasən, Konstitusiyamızın qəbul edilməsinin 20 illiyinə həsr olunan “Azərbaycan Respublikasının Konstitusiyası–20 il” mövzusunda inşa yazı müsabiqəsinə yekun vurulub. Müsabiqə məktəblilərə Konstitusiyanın mahiyyəti, əsasları və prinsiplərinin öyrədilməsi, hüquqi biliklərinin daha da artırılması və hüquqi dövlət quruculuğunda fəal iştiraka hazırlanmaları məqsədi ilə keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin ilkin mərhələsi noyabrın 12-dək ümumtəhsil məktəblərində keçirilib. Belə ki, məktəbdaxili mərhələdə qalib gələn ən yaxşı inşa yazılarının sahibləri şəhər mərhələsində iştirak etmək hüququ qazanıblar.
Bakıdakı 164 nömrəli tam orta məktəbdə keçirilən müsabiqənin ikinci - şəhər mərhələsində isə 190 nəfər X-XI sinif şagirdi iştirak edib. Məktəblilər Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illiyi ilə bağlı fikirlərini inşa yazılarında əks etdiriblər.