MƏDƏNİYYƏT


Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi konsert proqramı təşkil edib

Budapeşt, 13 iyul, AZƏRTAC 

Azərbaycanın Macarıstandakı səfirliyində Norveçin bu ölkədəki səfirliyinin birgə təşkilatçılığı ilə azərbaycanlı musiqiçilər – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA), Norveçin Qriq Akademiyasının məzunu və hazırda Nyu-Yorkun Manhetten Musiqi Məktəbində təhsil alan Humay Qasımzadə (fortepiano) və BMA-nın məzunu Jalə Əliyevanın (violonçel) iştirakı ilə konsert proqramı təqdim edilib. Konsertdə Azərbaycan və Norveç musiqisi səsləndirilib. Qeyd edək ki, Humay Qasımzadə və Jalə Əliyevanın, habelə bir sıra dövlətlərdən musiqiçilərin təmsil olunduğu “NEUAR ENSEMBLE” qrupu Norveçdə fəaliyyət göstərir və müxtəlif ölkələrdə musiqi proqramları ilə çıxış edir.

Konsert proqramından əvvəl ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev Azərbaycan-Norveç əlaqələrinə dair fikirlərini bölüşüb və bu cür tədbirlərin qədim tarixə malik Azərbaycan mədəniyyətinin, incəsənətinin tanıdılması baxımından əhəmiyyətli olduğunu qeyd edib. Səfir Azərbaycan-Norveç münasibətlərinin neftlə məhdudlaşmadığını, humanitar-mənəvi həyatın müxtəlif sahələrini əhatə etdiyini xüsusi vurğulayıb və təşkil edilən konsert proqramının buna daha bir nümunə olduğunu deyib.

Sonra Norveç səfiri Olav Berstad çıxış edərək, 15 il öncə Bakıdakı səfirlikdə çalışdığını və fəaliyyəti dövründə Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmaq fürsəti əldə etdiyini bildirib. Səfir həmin dövrdə Bakıda təşkil olunan rəsmi tədbirlər çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşdüyünü vurğulayaraq, onu dünya miqyasında görkəmli siyasi xadim olmaqla yanaşı, həm də Azərbaycan mədəniyyətinin, incəsənətinin dərin bilicisi kimi xarakterizə edib. Səfir hazırda da ölkəmizdə dövlət səviyyəsində mədəniyyətin, incəsənətin inkişafına xüsusi diqqət ayrıldığını söyləyib.

Tədbirdə bu il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribat əməlləri nəticəsində həyatını itirmiş ikiyaşlı Zəhranın və nənəsi Sahibə Allahverdiyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Edvard Qriq, Fikrət Əmirov və başqa klassik və müasir bəstəkarların əsərlərindən parçalar səsləndirilib.

Tədbirdə Budapeştdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin, Azərbaycan və Norveç diasporunun nümayəndələri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.