RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

A+ A

Möhtərəm cənab Prezident. 

Biz – Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Zati-alinizə səmimi arzularımızı və xeyir-dualarımızı yetirir, multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafına, dini qurumların problemlərinə həssas münasibətinizə və özəl qayğınıza görə dərin minnətdarlığımızı bildiririk.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və iqtisadi qüdrətinin artmasında Sizin misilsiz xidmətləriniz vardır. Siz, bir dövlət başçısı kimi milli-mənəvi dəyərlərin, dini və tarixi abidələrin qorunması sahəsində böyük işlər görürsünüz. Bu gün dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları ölkəmizdə mövcud olan vicdan və dini etiqad azadlığından, dövlət-din münasibətlərindən və demokratik-hüquqi şəraitdən lazımınca yararlanırlar. Azərbaycanda müsəlmanlarla yanaşı, pravoslav, katolik, yəhudi, alban-udi və digər dini icmalar da milli-mənəvi dəyərlərdən sərbəst istifadə edir, ölkəmizin ictimai həyatında yaxından iştirak edirlər.

Bu gün ümummilli lider Heydər Əliyevin banisi olduğu müstəqil və demokratik Azərbaycan Respublikası beynəlxalq aləmlə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir, nüfuzlu beynəlxalq və regional təşkilatlarda təmsil olunur. MDB müsəlmanları Məşvərət Şurasının, Qafqaz xalqları Ali Dini Şurasının iclasları, Dünya Dini liderlərinin beynəlxalq Sammiti Bakıda keçirilir və dinlərarası dialoqu, multikulturalizmi, sivilizasiyalararası əməkdaşlığı təcəssüm etdirir. Dini icma rəhbərləri və dindarlar bu müstəvidə qarşılıqlı münasibətlərin inkişafına müsbət təsir göstərən bütün səyləri təqdir edirlər. Əminik ki, Zati-alinizin və Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə bizim hər zaman təbliğ etdiyimiz və dünyaya multikulturalizmin bariz nümunəsi kimi təqdim etdiyimiz Azərbaycanın tolerantlıq modeli bəşəri dəyərlərin təşviqinə və təkamülünə öz töhfəsini verəcəkdir, inşallah!

Möhtərəm cənab Prezident, bu müraciəti imzalayanlar şəxsən Sizinlə görüşlərin dərin təəssüratını, özəlliklə son Ramazan iftarı zamanı çıxışınızdakı səmimi ünsiyyəti heç vaxt unutmayacaqlar. Siz həmişə dini icmaların problemlərinə diqqətlə yanaşmış, bizə maddi və mənəvi dəstək olmusunuz. Azərbaycanda dini qurumlara maddi yardım göstərilməsi haqqında 2016-cı il 5 iyul tarixli Sərəncamınız xaricdə yaşayan dindaşlarımız arasında böyük əks-səda doğurdu, ünvanımıza çoxlu telefon zəngləri və təbriklər gəldi, bəzi yerlərdə bu fakt hətta təəccüblə qarşılandı. Bunun səbəbi bəllidir - Sizin bu alicənab addımınız sadəcə maddi yardım deyildir, dünyada nadir və analoqu olmayan bir dövlətçilik təcrübəsidir. Bu addımınızla Siz Heydər Əliyevin siyasətinin və dövlətçilik məktəbinin layiqli davamçısı olduğunuzu, dini dəyərlərə ailənizə məxsus olan ehtiram hissini bir daha dünyaya nümayiş etdirdiniz. Dini icmalarımız üçün çox önəmli olan bu yardımın mübarək Ramazan ayında verilməsi ölkəmizdəki dini bərabərlik və nadir tolerantlığın ən bariz nümunəsi sayılmalıdır. Biz bu Sərəncamınıza görə Zati-alinizə dərin təşəkkürümüzü bildirir, Sizə və ailənizə cansağlığı və səadət arzulayırıq.

Biz dindarlar Azərbaycan xalqının gələcəyi və rifahı naminə Sizin fəaliyyətinizi hər zaman bəyənir və dəstəkləyirik. Ümid edirik ki, Qarabağ problemi tezliklə beynəlxalq hüququn normaları çərçivəsində sülh yolu ilə öz həllini tapacaq, Uca Yaradanın köməyi və Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara imza atacaq, haqqın qalibiyyəti Zati-alinizlə olacaqdır. Bu, bizim ümidimiz və Sizə ünvanlanan dualarımızdır.

Uca Yaradan hər zaman yardımçınız olsun. Amin!

Dərin hörmət və ehtiramla,

 

Şeyxülislam Allahşükür PAŞAZADƏ

Qafqaz Müsəlmanları İdarəsinin sədri

 

ALEKSANDR

Bakı və Azərbaycanın arxiyepiskopu

 

Vladimir FEKETE

Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol

prefekturasının ordinarisi

 

Milix YEVDAYEV, 

Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri

 

Gennadi ZELMANOVİÇ

Avropa yəhudilərinin Bakı icmasının sədri

 

Robert MOBİLİ

Alban-udi dini icmasının sədri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır