CƏMİYYƏT


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənclər təşkilatları üçün qrant müsabiqəsi elan edib

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının 17-ci iclası keçirilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, toplantının gündəliyinə 9-cu qrant müsabiqəsinin elan edilməsi, qurumun 2016-cı ilin birinci yarısındakı fəaliyyəti haqqında hesabat, son 6 ayda beynəlxalq tədbirlərdə iştirak üçün verilmiş qrantlar, Gəncə şəhərinin “Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar 8-ci qrant müsabiqəsi çərçivəsində dəstəklənmiş layihələrin icra vəziyyəti və s. məsələlər daxil edilib.

Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov 2012-2016-cı illərdə Fond tərəfindən keçirilmiş 8 müsabiqə çərçivəsində gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin 3226 layihəsinin dəstəkləndiyini, onların həyata keçirilməsi üçün 17 milyon 500 min manatadək vəsaitin ayrıldığını bildirib. Qeyd edib ki, yalnız 8-ci qrant müsabiqəsində “A” kateqoriyası üzrə 144, “B” kateqoriyası üzrə 12, “C” kateqoriyası üzrə 737 layihə dəstəklənib, onların maliyyələşdirilməsi üçün 3 milyon 800 min manatdan artıq vəsait ayrılıb.

T.Süleymanov yeni elan ediləcək müsabiqənin gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına yönəldiyini qeyd edərək, müsabiqədə yalnız gənclər təşkilatlarının iştirak edə biləcəyini vurğulayıb.

İclasda aparılan müzakirələr nəticəsində “A” kateqoriyası (yerli layihələr) üzrə 11, “B” kateqoriyası (beynəlxalq layihələr) üzrə 2 istiqamət təsdiq edilib. Layihələrin təqdim olunması üçün bir ayadək müddət (iyulun 25-dən avqustun 25-dən) müəyyənləşdirilib. Müsabiqənin istiqamətləri sırasına “Gəncə - 2016-cı il Avropa Gənclər Paytaxtı” kampaniyası çərçivəsində tədbirlərin təşkili, sağlamlıq imkanı məhdud olan yeniyetmələrin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının inkişaf etdirilməsi, şagird və tələbələrin intellektual inkişafına xidmət edən televiziya və radio proqramlarının hazırlanması, gənclərin iştirakı ilə müsabiqələrin, yarışların, festivalların və olimpiadaların keçirilməsi, kiçik biznes quruculuğunda və kənd təsərrüfatının inkişafında onların rolunun artırılması, turizm bələdçiliyi sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi və s. mövzular salınıb.

Sonra Fondun icraçı direktoru Fərhad Hacıyev qurumun 2016-cı ilin birinci yarısında gördüyü işlər barədə məlumat verib. Qeyd edib ki, ötən 6 ay ərzində gənclər təşkilatları və 16-29 yaşlı fiziki şəxslər üçün bir qrant müsabiqəsi təşkil olunub, ümumilikdə 893 layihə maliyyələşdirilib. Dəstəklənmiş layihələr sırasında yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, dini radikallıq və ekstremizmə qarşı maarifləndirici tədbirlərin təşkili, region gənclərinin ictimai fəallığının artırılması, ekoloji mühitin mühafizəsi və yaxşılaşdırılması, xüsusi qayğıya ehtiyacı olanların müdafiəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, yerli gənclər təşkilatlarının beynəlxalq gənclər platformaları ilə əməkdaşlığının inkişaf etdirilməsi, gənclərin elmi fəaliyyətinin təşviq edilməsi, incəsənət sahələri üzrə müsabiqə və sərgilərin təşkili, istedadlı gənclərin ixtiralarının və innovativ ideyalarının dəstəklənməsi kimi istiqamətlər üstünlük təşkil edib. Altı ay ərzində Fondun fəaliyyətinə maraq artıb, müraciət edənlərin sayı xeyli çoxalıb.

F.Hacıyev hesabat dövründə Fond tərəfindən təşkil olunmuş tədbirlər, Bakıda keçirilmiş Formula-1 Avropa Qran-pri yarışına könüllülərin cəlb olunmasında qurumun rolu və digər məsələlər haqqında da Müşahidə Şurasının üzvlərinə məlumat verib.

Qurumun beynəlxalq əlaqələr və strateji planlaşdırma sektorunun müdiri Vüsalə Niftəliyeva ilin birinci yarısında Fond tərəfindən beynəlxalq tədbirlərdə iştirak üçün verilmiş qrantlar barədə məlumat verib. Bildirib ki, hesabat dövründə beynəlxalq tədbirlərdə iştirak üçün müraciət edənlərin sayı 138, dəstəklənmiş səfərlərin sayı isə 57 olub. Maliyyələşdirilən səfərlər 31 ölkəni və 47 şəhəri əhatə edib. Ümumilikdə Avropada 42, Asiyada 4, Şimali Amerikada 7, Cənubi Amerikada 3, Afrika qitəsində isə 1 beynəlxalq tədbirdə Azərbaycanın yaradıcı, istedadlı və ictimai fəal gənclərinin iştirakı təmin edilib.

Fondun layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov 8-ci qrant müsabiqəsi çərçivəsində Gəncə şəhərinin 2016-cı il üçün “Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar dəstəklənmiş layihələrin icra vəziyyətindən danışıb, bir sıra rəqəm və göstəriciləri Müşahidə Şurası üzvlərinin diqqətinə çatdırıb. Qeyd edilib ki, bu istiqamət üzrə ümumi məbləği 595 min 400 manat olan 93 layihə dəstəklənib. Həmin layihələrdən 28-i “A”, 6-sı “B”, 59-u “C” kateqoriyasına aiddir. Yerli layihələrdən 7-nin icrasının başa çatdığı, 20-nin hazırda icra olunduğu, birinin isə sentyabrda reallaşdırılacağı vurğulanıb. Beynəlxalq layihələrdən 3-nün artıq reallaşdırıldığı, 3-nün qarşıdakı aylarda həyata keçiriləcəyi qeyd olunub. Fərdi layihələrin isə sentyabrdan etibarən başlayacağı bildirilib.

İclasın gündəliyindəki məsələlər ətrafında müzakirələrdə Müşahidə Şurasının üzvləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.