CƏMİYYƏT
Azərbaycan Respublikasının baş prokuroru Beyləqanda vətəndaşları qəbul edəcək
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Zakir Qaralov oktyabrın 28-də saat 10:00-da Beyləqan Rayon Prokurorluğunun inzibati binasında Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Beyləqan şəhərinə gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil ediləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.