SİYASƏT


Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü Ali Məhkəmədə qeyd edilib

A+ A

Bakı, 15 oktyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Ali Məhkəmədə yığıncaq keçirilib.

Ali Məhkəmədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı məruzə ilə çıxış edib. R.Rzayev qeyd edib ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı əldə edib.

1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını atan Azərbaycan keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzünə uğrayaraq, soyqırımı və etnik təmizləmə siyasəti ilə üz-üzə qalmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və dahi rəhbərin yürütdüyü müdrik siyasət nəticəsində ölkənin məhvolma təhlükəsinə, separatçılıq meyillərinə və vətəndaş müharibəsi təhlükəsinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi.

Bildirilib ki, bu gün vətəndaşların əsas hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil seçki və məhkəmə-hüquq sistemlərinin qurulması ölkədə müstəqillik illərində təşəkkül tapmış demokratik ab-havanın göstəricilərindəndir. Biz dünyanın beynəlxalq təşkilatlarının yüksək qiymətləndirdiyi iqtisadi duruma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır fəsadları şəraitində nail olmuşuq. Bizim səylərimiz münaqişənin sülh yolu ilə həllinə yönəlib. Hələ ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi sülhə nail olmağa imkan vermir.

“Son 10 ildə ümumi daxili məhsulun 3,4 dəfə, strateji valyuta ehtiyatlarımızın 30 dəfə artması, yoxsulluğun və işsizliyin minimum həddə düşməsi, mühüm yerli və regional layihələrin uğurla icrası hər birimizdə qürur hissi yaradır”, - deyə Ramiz Rzayev xüsusi vurğulayıb.

Ali Məhkəmənin sədri müstəqillik dövründə iqtisadiyyat, mədəniyyət, təhsil, idman sahəsində əldə olunan uğurlardan, milli ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən geniş bəhs edib. Ötən dövrdə məhkəmə sisteminin müasirləşdirilməsi üzrə mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.

Yığıncaqda digər çıxış edənlər müstəqilliyimizin müxtəlif dövrlərində həyata keçirilən tədbirlərdən, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəqilliyimizin qorunmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışıb, müstəqilliyimizin daimi və əbədi olacağına inamlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.