İDMAN


Azərbaycan Rusiya paralimpiyaçılarının lisenziyalarından imtina edərək həmrəylik prinsiplərinə sadiq qaldı

A+ A

Bakı, 3 oktyabr, Elşad Qəzvini, AZƏRTAC 

Azərbaycan qonşu və dost Rusiya paralimpiyaçılarının lisenziyalarından imtina edərək, idmanda həmrəylik prinsiplərinə sadiq qaldı.

AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 3-də Bakı-Moskva-Minsk telekörpüsündə iştirak edən Azərbaycan Milli Paralimpiya Komitəsinin inkişaf, informasiya və tədris şöbəsinin müdiri Kamal Məmmədov deyib.

Azərbaycan Milli Paralimpiya Komitəsinin rusiyalı idmançılarla bağlı bütün prosesləri yaxından izlədiklərini diqqətə çatdıran K.Məmmədov bildirib: “Son anadək ümid edirdik ki, qərar yenidən dəyişdiriləcək və hər şey müsbət nəticələnəcək. Lakin baş verənlərdən sonra qərara aldıq ki, Rusiya komandasından alınmış lisenziyalardan imtina edək. Azərbaycan qonşu və dost Rusiya paralimpiyaçılarının lisenziyalarından imtina edərək, idmanda həmrəylik prinsiplərinə sadiq qaldı. “Rio-2016”da təmsil oluna bilməyən idmançılara gəldikdə isə deyə bilərəm ki, onlar ruhdan düşməməlidirlər. Çünki başda Rusiya Federasiyasının rəhbərliyi və şəxsən Prezident olmaqla bütün xalq paralimpiyaçıları dəstəklədi. İdmanda siyasətə yer olmamalıdır”.

Telekörpüdə Moskva tərəfdən Rusiya Paralimpiya Komitəsinin vitse-prezidenti Lidiya Abramova, Belarusun idman və turizm nazirinin birinci müavini Aleksandr Qagiyev, Belarus Paralimpiya Komitəsinin sədri Oleq Şepel, Belarus İdman və Turizm Nazirliyinin qış idman növləri şöbəsinin rəisi Andrey Fomoçkin, bu ölkənin əlil idmançılardan ibarət yığmasının üzvləri və XV Yay Paralimpiya Oyunlarının çempionları iştirak ediblər.

Bakı-Moskva-Minsk telekörpüsündə paralimpiya həmrəyliyinin əhəmiyyəti xüsusi vurğulanıb. Azərbaycanın rusiyalı idmançıların lisenziyalarından imtina etməsi məmnunluqla qeyd olunub. Buna görə də telekörpüdə Azərbaycan tərəfinin Rusiya idmançılarına göstərdiyi həmrəyliyik təqdirəlayiq və xüsusi minnətdarlıqla qarşılanıb.

Xatırladaq ki, Rio-de-Janeyro Paralimpiadası ərəfəsində rusiyalı paralimpiyaçılar lisenziyalardan məhrum ediliblər. Azərbaycan yığması Rusiya idmançılarının lisenziyalarından imtina etmişdi. Belarus yığmasının üzvləri isə Paralimpiya Oyunlarının açılış mərasimində həmrəylik göstərək Rusiya Federasiyasının dövlət bayrağını qaldırmışdılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.