İQTİSADİYYAT
Azərbaycan Sahibkarlar Konfederasiyası Maarifləndirici Təlim və Seminar Proqramına başlayıb
Bakı, 12 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) “Sahibkarlığın dayanıqlı inkişafı layihəsi” çərçivəsində ilk silsilə tədbirlərdən olan Maarifləndirici Təlim və Seminar Proqramına başlanılıb.
ASK-dan AZƏRTAC-a verilən məlumata görə, avqustun 12-də konfederasiyada sözügedən layihə çərçivəsində keçirilən ilk təlimdə “İnsan Resursları” mövzusu ölkənin aparıcı qida, distribusiya, özəl klinika, aqrar və digər şirkətlərinin əməkdaşlarının iştirakı ilə təhlil edilib.
Təlimçi Təhminə Dəmirova insan resurslarının idarə edilməsi, mahiyyəti və prinsipləri, işə qəbul sisteminin qurulması, kadr sənədlərinin mövcud qanunvericiliyinin tələblərinə uyğun hazırlanması, motivasiya anlayışı və onun şirkətdə tətbiqi ilə bağlı geniş məlumat verib.
Qeyd edək ki, bir müddət əvvəl “ASK Business Consulting” MMC proqram çərçivəsində sahibkarların ehtiyacı olan təlim mövzuları ilə bağlı sorğu təşkil edib. Nəticələrə əsasən, ilk beşliyə daxil olan mövzular - insan resursları, marketinq və satış, xərclərin optimalaşdırılması, layihə idarəetmə və gömrük müəyyən olunub. Sözügedən mövzularla bağlı “ASK Business Consulting” MMC qısa zamanda ölkənin aparıcı ekspert və təlimçi komandasını formalaşdıraraq, sahibkarlara maraqlı təlim və təcrübi seminar (work shop) proqramlarını hazırlayıb.
Sahibkarların maarifləndirilməsi məqsədilə təşkil olunacaq tədbirlərin yeni mövsümdən etibarən daha da geniş və kompleks şəkildə təşkil edilməsi nəzərdə tutulur.