MƏDƏNİYYƏT
Azərbaycan Şanxayda beynəlxalq mədəniyyət festivalında və yarmarkasında təmsil olunub
Şanxay, 4 may, AZƏRTAC
Azərbaycan Şanxay Universitetində təşkil edilən 4-cü beynəlxalq mədəniyyət festivalında və 10-cu beynəlxalq mədəniyyət yarmarkasında təmsil olunub.
Budəfəki tədbir Çin Xalq Respublikasının Sədri Si Cinpinin “İpək Yolu iqtisadi kəməri” təşəbbüsünə həsr olunmuşdu. Azərbaycanlı tələbələrin hazırladığı milli stendimiz də bu konsepsiya üzərində qurulmuşdu. Belə ki, stenddə qədim İpək Yolunun üzərində yerləşən Azərbaycanın tarixən Çin ilə əlaqələrini əks etdirən müxtəlif eksponatlar, o cümlədən şəkillər, kitablar nümayiş olunurdu. Bundan başqa, müasir dövrdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin vacib nöqtəsi olan Azərbaycanın nəqliyyat və logistika imkanlarına dair əyani vasitələr nümayiş olunub.
Festival çərçivəsində tələbələrimiz milli geyimlərdə rəqslərimizi ifa ediblər.
Tədbirin açılış mərasimində çıxış edən beynəlxalq mədəniyyət yarmarkasının təşəbbüskarlarından biri, Şanxay Pedaqoji Universitetinin elmi işçisi Aqşin Əliyev tələbələr arasında mədəni mübadilənin vacibliyindən danışıb, Azərbaycan stendi haqqında məlumat verib.
Tədbir çərçivəsində Əcnəbi Tələbələrin Məzunlar Assosiasiyasının təsis mərasimi keçirilib, rəhbər heyəti müəyyənləşib. Azərbaycan təmsilçisi Aqşin Əliyev assosiasiyanın sədr müavini seçilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Şanxay