MƏDƏNİYYƏT


Azərbaycan “Şekspir xalçası” müsabiqəsinin qalibi elan ediləcək

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Xalça Muzeyində Azərbaycan “Şekspir xalçası” müsabiqəsinin qalibi elan olunacaq.

Muzeydən AZƏRTAC-a bildirilib ki, mərasimdə hər kateqoriya üzrə qaliblər mükafatlandırılacaq. Qalib gəlmiş üç dizaynda xalçalar toxunulacaq. Müsabiqənin ümumi qalibi Londonun Viktoriya və Albert Muzeyinə və Şekspirin “Qlobus” teatrına səyahət mükafatına layiq görüləcək.

Qeyd edək ki, müsabiqə “British Council”, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyi ilə birlikdə Şekspirin anadan olmasının 450 illiyi şərəfinə təşkil edib. Müsabiqə Şekspirin şərəfinə, dahi dramaturqdan ilham almış xalça dizaynının hazırlanmasına həsr olunub.

Müsabiqə Azərbaycanın xalça sənəti sahəsində zəngin mədəni irsini və Şekspirin dünya ədəbiyyatında tutduğu yeri bir araya gətirir. Layihəyə may ayında start verilib və may-iyul tarixləri arasında uşaqlar, peşəkar dizaynerlər və ictimaiyyət tərəfindən 60-dan çox dizayn təqdim edilib. Xalça dizaynları Şekspirin pyeslərindəki səhnələri və əsərlərindəki motivləri təsvir etməklə yanaşı, Azərbaycan ənənələrini əks etdirir. Azərbaycan “Şekspir xalçası” dünyada bu tipli yeganə müsabiqədir.

Münsiflər tərəfindən üç kateqoriya üzrə ən yaxşı dizaynlar seçilib. Ən kreativ 15 dizayn “British Council Azerbaijan”ın rəsmi “facebook” səhifəsində yayımlanıb və ən çox bəyənilmiş dizayn xüsusi tamaşaçı simpatiyası mükafatına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.