MƏDƏNİYYƏT
Azərbaycan Şən və Hazırcavablar Klubunun üzvlərinin uğuru Birinci kanalla yayımlanacaq
Bakı, 20 oktyabr, AZƏRTAC
Şən və Hazırcavablar Klubunun (ŞHK) böyük səbirsizliklə gözlənilən efiri oktyabrın 23-də Bakı vaxtı ilə saat 18.40-da Rusiyanın Birinci kanalında olacaq.
Azərbaycan Şən və Hazırcavablar Klubunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tamaşaçılar “Bakı yığması”nın Svetloqorsk şəhərində keçirilən “Qolosyaşşiy KiViN 2016” Beynəlxalq Musiqili Festivalının əsas mükafatlarından birini necə qazandığını görə biləcəklər.
Xatırladaq ki, festival 6 ölkədən 27 komandanın iştirakı ilə Svetloqorsk şəhərində keçirilib. Festivala əsasən Yüksək Liqanın iştirakçıları və müxtəlif mövsümlərin çempionları qatılıb. Ciddi rəqabətə baxmayaraq, “Bakı yığması” klubun ən musiqili komandalarından biri olduğunu təsdiq edib və qaliblər sırasında olub.
ŞHK-çılar qələbələrini belə şərh ediblər: “Bu qələbəni “Bakılı oğlanlar” komandasının əfsanəvi kapitanı Anar Məmmədxanova ithaf edirik. Anar Məmmədxanovun xatirəsinə ehtiram əlaməti olaraq komandamızda kapitan yerini boş saxlamışıq, çünki onu Bakı ŞHK-nın əbədi kapitanı hesab edirik. Şübhə etmirik ki, yaşasaydı, bizimlə qürur duyardı”.
Qeyd edək ki, “KiViNlər” ŞHK komandalarının “Qolosyaşşiy KiViN” Beynəlxalq Musiqi Festivalının ən yüksək mükafatlarıdır. Azərbaycan artıq altıncı dəfədir bu müsabiqədə iştirak edir: 1995 və 1997-ci illərdə “Bakılı oğlanlar”, 1996-cı ildə “Bakı işıqları”, 2014-2016-cı illərdə “Bakı yığması”.