SİYASƏT


Azərbaycan-Serbiya əlaqələri inkişaf edir

Bakı, 5 dekabr, AZƏRTAC 

Dekabrın 5-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Serbiya Respublikası Baş nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri bu səfərin ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Sədr bildirib ki, Azərbaycan və Serbiya arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bu münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi rol oynayır.

Oqtay Əsədov bu günədək ölkələrimiz arasında 25 sənədin imzalandığını, 12 sənədin isə imzalanma ərəfəsində olduğunu deyib. Əlavə edib ki, bu sənədlər münasibətlərimizin hüquqi bazasını təmin edir. Milli Məclisin sədri iki ölkənin parlamentlərarası münasibətlərinin sürətlə inkişaf etdiyini və hazırda qanunverici orqanlarımızda qarşılıqlı işçi qrupların fəaliyyət göstərdiyini deyib.

Oqtay Əsədov vurğulayıb ki, ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədə olsa da, ticari münasibətləri inkişaf etdirməyə ehtiyac var. İqtisadi əməkdaşlığın inkişafı üçün xeyli işlər görüldüyünü, biznes forumlar təşkil edildiyini söyləyən sədr ticari əlaqələrin gələcəkdə yüksək səviyyəyə çatacağına əminliyini bildirib.

Görüşdə iki ölkə arasındakı humanitar və mədəni münasibətlərin razılıq doğurduğu qeyd olunub. Bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyirlər.

Oqtay Əsədov Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq bunu siyasi əlaqələrimizin yüksək səviyyədə olmasının bariz göstəricisi kimi dəyərləndirib.

Baş nazirin müavini, daxili işlər naziri Neboyşa Stefanoviç ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib, Azərbaycanda onlara göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirib, O, ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Qonaq deyib ki, Serbiya parlamentinin sədri olduğu dövrdə ölkəmizə səfər edə bilməsə də, budəfəki gəlişi onda böyük təəssüratlar oyatdı. Azərbaycanın əldə etdiyi nailiyyətlərin onu çox sevindirdiyini söyləyən Neboyşa Stefanoviç bildirib ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Baş nazirin müavini təcrübə mübadiləsi baxımından Azərbaycan nümayəndə heyətini və Milli Məclisin sədrini Belqradda görmək arzusunda olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.