CƏMİYYƏT
Azərbaycan Sərhəd Mühafizəsinin 97-ci ildönümü ilə bağlı yaradıcılıq müsabiqəsinə yekun vurulub
Bakı, 13 avqust, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 97-ci ildönümünü yüksək inkişaf dinamikası və qazanılmış uğurlarla qarşılayır. DSX-nin çoxsahəli fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsinə, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasına yüksək diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında müxtəlif yaradıcılıq müsabiqələri xüsusi yer tutur.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ənənəvi olaraq Azərbaycan Sərhəd Mühafizəsinin ildönümləri ərəfəsində bədii ədəbiyyat, təsviri sənət, qəzet məqaləsi və orta məktəb şagirdləri arasında “Sərhədlərimizin keşiyində” mövzusunda inşa yazı müsabiqəsi təşkil edilib. Müsabiqədə mindən çox yaradıcı insan - peşəkar və həvəskar yazıçılar, şairlər, rəssamlar, jurnalistlər, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri, əsgərlər, ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Müsabiqə iştirakçıları tərəfindən təqdim olunmuş çoxsaylı yazıların sırasından ən yaxşıları seçilib. Həmin yazılardan 20 şer, 23 hekayə, 51 qəzet məqaləsi, 23 rəsm əsəri və 65 inşa müsabiqənin finalına buraxılıb. Bu mərhələdə peşəkar mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin finalçıları arasından qaliblər müəyyən edilib.
DSX-nin Akademiyasında Təhsil Nazirliyi, Azərbaycan Mətbuat Şurası, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Rəssamlar İttifaqı ilə birgə müsabiqənin yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə çıxış edənlər sərhədçilərin fədakar xidmətlərinin təbliğində, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, dövlət sərhədinə, sərhədçi peşəsinə rəğbət və ehtiram hissinin aşılanmasında keçirilən müsabiqənin çox böyük əhəmiyyəti olmasını vurğulayıblar.
Müsabiqənin qaliblərinə diplomlar və pul mükafatları təqdim olunub. Həmçinin müsabiqədə yer tutmuş təsviri sənət nümunələri nümayiş etdirilib.
Qalib gələnlər arasında AZƏRTAC-ın əməkdaşı da var.