CƏMİYYƏT
Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümü ilə bağlı yaradıcılıq müsabiqəsinə yekun vurulub VİDEO
Bakı, 12 avqust, AZƏRTAC
Dövlət Sərhəd Xidməti Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümünü yüksək inkişaf dinamikası və qazanılmış xidməti uğurlarla qarşılayır. Dövlət Sərhəd Xidmətinin çoxsahəli fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsinə, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasına yüksək diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında müxtəlif yaradıcılıq müsabiqələri xüsusi yer tutur.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ənənəvi olaraq Azərbaycan Sərhəd Mühafizəsinin ildönümü ərəfəsində bədii ədəbiyyat, təsviri sənət, qəzet məqaləsi və orta məktəb şagirdləri arasında “Sərhədlərimizin keşiyində” mövzusunda inşa yazı müsabiqəsi təşkil edilib. Müsabiqədə 1000 nəfərdən çox yaradıcı insan - peşəkar və həvəskar yazıçılar, şairlər, rəssamlar, jurnalistlər, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri, əsgərlər, ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Müsabiqə iştirakçıları tərəfindən təqdim olunmuş çoxsaylı əsərlərin sırasından ən yaxşıları seçilərək 14 şeir, 14 hekayə, 17 qəzet məqaləsi, 15 rəsm əsəri və 77 inşa yazısı müsabiqənin finalına buraxılıb, peşəkar mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin finalçıları arasından qaliblər müəyyən edilib.
Avqustun 11-də Dövlət Sərhəd Xidməti Akademiyasında Təhsil Nazirliyi, Mətbuat Şurası, Yazıçılar Birliyi və Rəssamlar İttifaqı ilə birgə müsabiqənin yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə çıxış edənlər sərhədçilərin fədakar xidmətlərinin təbliğində, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, dövlət sərhədinə, sərhədçi peşəsinə rəğbət və ehtiram hissinin aşılanmasında keçirilən müsabiqənin çox böyük əhəmiyyəti olmasını vurğulayıblar.
Müsabiqənin qaliblərinə diplomlar və pul mükafatları təqdim olunub, yer tutmuş təsviri sənət nümunələri nümayiş etdirilib.