CƏMİYYƏT
“Azərbaycan-Şərqin Avropa cazibəsi” ölkəmizin dünyada tanıdılması baxımından əhəmiyyətlidir
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Polşanın “Parnas” təşkilatının rəhbəri Lukaş Qolota, qurumun “Erasmus+” proqramı üzrə koordinatoru Maqdalena Çarneçka və Polşa-Azərbaycan Assosiasiyasının sədri David Sesuda ilə görüş keçirilib.
Şuranın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə “Parnas” təşkilatının “Azərbaycan-Şərqin Avropa cazibəsi” layihəsi çərçivəsində keçirilən esse müsabiqəsinin qalibləri də iştirak ediblər.
Lukaş Qolota Şuranın dəstəyi ilə həyata keçirdikləri layihə haqqında məlumat verib. O, yazı müsabiqəsi çərçivəsində Böyük Britaniya, Koreya Respublikası, Çexiya, Fransa, Polşa, Ukrayna və başqa ölkələrin universitetlərində və digər tədris mərkəzlərində Azərbaycana böyük marağın olduğunu müşahidə etdiklərini deyib. Müsabiqə Azərbaycan mədəniyyətini, tarixini, müasir inkişafını, multikulturalizmini və digər mövzuları əhatə edib. L.Qolota müasir, dinamik inkişafa malik ölkəmizlə əyani tanışlıqdan müsbət təəssüratlar əldə etdiklərini və mövcud əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.
Maqdalena Çarneçka azərbaycanlı tələbələrin Polşada təcrübə mübadiləsinə keçməsinə yardımçı ola biləcəyini qeyd edib.
Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev inkişaf etməkdə olan Azərbaycan-Polşa münasibətlərindən və rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən danışıb. O, “Azərbaycan-Şərqin Avropa cazibəsi” layihəsinin ölkəmizin dünyada tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüşdə əməkdaşlığın perspektivləri müzakirə edilib.