İQTİSADİYYAT
Azərbaycan-Səudiyyə Ərəbistanı birgə müəssisələrinin yaradılması imkanları araşdırılıb
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan-Səudiyyə Ərəbistanı birgə müəssisələrinin yaradılması imkanları araşdırılıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib. İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Orxan Məmmədovun və Səudiyyə Ərəbistanı Krallığı Baş İnvestisiya Qurumunun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Osama Əl Qanmın həmsədrlik etdiyi iclasda iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin mövcud vəziyyəti nəzərdən keçirilib, ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
İclasda vurğulanıb ki, Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri inkişaf edir, əməkdaşlığın genişlənməsində yüksək səviyyəli dövlət rəsmilərinin qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan tərəfi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, xüsusilə qeyri-neft sektorunda əldə olunan nailiyyətlər, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixrac coğrafiyasının genişləndirilməsi, xarici ölkələrə təşkil edilən ixrac missiyaları, "Made in Azerbaijan" brendinin təbliği və s. barədə ətraflı məlumat verib.
Əczaçılıq, turizm, xidmət, səhiyyə, gənclər, idman və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatı və ərzaq məsullarının istehsalı üzrə Azərbaycan-Səudiyyə Ərəbistanı birgə müəssisələrinin yaradılması imkanlarının araşdırılması, Azərbaycanda mövcud olan kənd təsərrüfatı layihələrində Səudiyyə Ərəbistanı iş adamlarının iştirakı, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və qida məhsullarının Səudiyyə Ərəbistanına ixracı və "Lulu" mağazalar şəbəkəsində satışının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təbliği məqsədilə Səudiyyə Ərəbistanına ixrac missiyasının təşkili məsələləri müzakirə edilib. Bu ilin sentyabrında açılacaq Bakı-Ciddə-Bakı reysinin hava nəqliyyatı sahəsində əməkdaşlığın dərinləşməsinə, turist axınının artmasına töhfə verəcəyi qeyd edilib.
İclasda Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın ikitərəfli iqtisadi münasibətlərdə əsas əməkdaşlıq mexanizmi olduğu diqqətə çatdırılıb, komissiyanın növbəti iclasının gündəliyi və keçirilməsi tarixi barədə fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı üzrə İşçi Qrupunun 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb.
Azərbaycan nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Ticarət Palatasında tikinti, humanitar, sənaye, turizm, ticarət, bankçılıq və s. sahələrdə fəaliyyət göstərən iş adamları arasında işgüzar görüş keçirilib. Tədbirdə Azərbaycan və Səudiyyə Ərəbistanı şirkətləri fəaliyyətləri barədə məlumat verib, iş adamları arasında əməkdaşlıq imkanları müzakirə edilib.