SİYASƏT


Azərbaycan Seulda İCAPP-ın Media Forumunda təmsil olunub

Bakı, 8 iyul, AZƏRTAC

İyulun 7-8-də Koreya Respublikasının paytaxtı Seulda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Media Forumunun 3-cü iclası keçirilib.

İCAPP-ın Daimi Komitəsində təmsil olunan dövlətlərin nümayəndələrinin iştirak etdikləri tədbirdə ölkəmizi Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, İCAPP Media Forumun sədr müavini Ramin Məmmədov və AZƏRTAC-ın əməkdaşı Şahin Cəfərov təmsil ediblər.

İclasın açılışında çıxış edən İCAPP-ın Daimi Komitəsinin həmsədri Jose de Venesia kütləvi informasiya vasitələrinin həyatımızdakı vacib rolundan danışıb, xüsusən müasir dövrdə informasiyaların internet və sosial şəbəkələr vasitəsilə insanlara çatdırılması ilə ictimai fikrin düzgün formalaşmasında mətbuatın üzərinə böyük məsuliyyətin düşdüyünü diqqətə çatdırıb. Subyektiv mövqelərə əsaslanan informasiyaların, xüsusən müəyyən qrupların siyasi və iqtisadi maraqlarına xidmət edən yanlış və ya tərəfli xəbərlərin yayılmasının yolverilməz olduğunu bildirən Jose de Venesia kütləvi informasiya vasitələrinin və sosial şəbəkələr vasitəsilə ilə məlumat paylaşaraq müəyyən mənada jurnalist funksiyası yerinə yetirən insanların bütün qüvvələri birləşdirməklə dünyanın müxtəlif bölgələrində hökm sürən müharibə və münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə biləcəyini deyib.

İCAPP Media Forumun sədr müavini Ramin Məmmədovun moderatorluğu ilə “Medianın siyasi demokratikləşmə prosesində rolu” və “Medianın Asiya cəmiyyətinin yaradılmasında rolu” mövzularında keçirilən sessiyalarda mövzu ilə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb. Sonda təşkilati məsələlərə baxılıb, Forumun yeni həmsədrləri və sədr müavinləri seçilib, Seul bəyannaməsi qəbul edilib.

Qeyd edək ki, İCAPP sistemində Media Forumunun yaradılmasına dair təklif əsasında Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının beynəlxalq mətbuat ilə əlaqələrinin inkişafını, kütləvi informasiya vasitələrinin İCAPP-ın fəaliyyətinə diqqətinin daha çox artırılmasını təşviq etmək məqsədilə iki il əvvəl Media Forum təsis edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.