ORDU
Azərbaycan Silahlı Qüvvələri Günü Daşkənddə qeyd edilib
Daşkənd, 26 iyun, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələrimizin yaradılmasının 98-ci ildönümü ilə əlaqədar Daşkənddə rəsmi qəbul keçirilib.
Qəbulda Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, bu ölkənin müdafiə nazirinin müavinləri Jaxangir Mambetov və Axmad Burxonov, Daşkənddə akkreditə olunmuş hərbi attaşelər iştirak ediblər.
Azərbaycanın və Özbəkistanın dövlət himnləri səsləndirildikdən sonra Hüseyn Quliyev çıxış edərək Silahlı Qüvvələrimizin yaranması tarixi haqqında məlumat verib. Səfir deyib ki, bugünkü ordumuzun yaradılması və formalaşdırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da söhbət açıb. O deyib ki, bu gün Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam hazırdır.
Azərbaycan Silahlı Qüvvələrinin Özbəkistandakı hərbi attaşesi, general-mayor Vaqif Məmmədov Silahlı Qüvvələrin tarixinə nəzər salıb. O bildirib ki, 1918-ci ildə müsəlman Şərqində ilk parlament respublikası məhz Azərbaycanda yaranıb və cəmi bir ay sonra - iyunun 26-da dövlətin Silahlı Qüvvələri təsis edilib.
V.Məmmədov deyib ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini zəbt edib və iki ölkə arasında münaqişənin indiyədək həll edilməməsinin səbəbi rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyidir. Azərbaycan münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə, Ermənistan isə mövcud status-kvonu saxlamağa çalışır. Danışıqlarda müsbət nəticə əldə edilməsə, münaqişənin hərbi yolla həlli qaçılmaz olacaq.
Hərbi attaşe Azərbaycan Silahlı Qüvvələrinin NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq etdiyini söyləyib. O, 1999-cu ildən Azərbaycanın Kosovo, Əfqanıstan və İraqdakı sülhməramlı missiyaların hərbi heyətinə nəzərəçarpacaq dərəcədə töhfə verdiyini diqqətə çatdırıb.
Rəsmi qəbul ziyafətlə başa çatıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd