SİYASƏT
Azərbaycan Silahlı Qüvvələri Günü Vyanada da qeyd edilmişdir VİDEO
Vyana, 27 iyun (AZƏRTAC). İyunun 26-da Vyanada Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümünə həsr olunmuş rəsmi ziyafət təşkil edilmişdir.
Tədbirdə Avstriya və Slovakiya müdafiə nazirliklərinin rəsmiləri, Avstriya parlamentinin nümayəndələri, diplomatik korpusun təmsilçiləri, hərbi atteşelər və beynəlxalq təşkilatların təmsilçiləri, elm və mədəniyyət xadimləri, diaspor fəalları iştirak etmişlər.
Tədbirdə Azərbaycanın və Avstriyanın dövlət himnləri səsləndirilmişdir.
Mərasimdə Silahlı Qüvvələrimizin keçdiyi tarixi yola nəzər salan səfir Qalib İsrafilov hazırda Azərbaycanın ölkənin ərazi bütövlüyünü bərpa etməyə qadir qüdrətli orduya malik olduğunu vurğulamışdır.
Azərbaycanın Avstriyadakı hərbi attaşesi, polkovnik Kamil Quliyev 26 iyun 1918-ci ildə ölkəmizdə ilk nizami hərbi korpusun yaradıldığını, bununla da Azərbaycan Silahlı Qüvvələrinin təməlinin qoyulduğunu diqqətə çatdırmışdır.
O, Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, inkişafından, ordu quruculuğunda, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açmışdır. Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir. Bu tarixin Silahlı Qüvvələr Günü elan edilməsi Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası və tarixilik baxımından böyük əhəmiyyətə malikdir.
Bildirilmişdir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində Silahlı Qüvvələr modernləşdirilmiş və bölgənin ən güclü ordusuna çevrilmişdir.
Mərasimdə Azərbaycan Silahlı Qüvvələrinə həsr olunmuş və onun döyüş qabiliyyətini, maddi-texniki bazasını nümayiş etdirən videoçarxlar göstərilmişdir.
Tədbirdə Azərbaycanın hərbi marşları səsləndirilmiş və qonaqlara Silahlı Qüvvələrimiz bərədə kitabçalar təqdim olunmuşdur.
Mərasim ziyafətlə başa çatmışdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana