CƏMİYYƏT
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü münasibətilə Qusarda hərbçilərin yürüşü keçirilmişdir VİDEO
Qusar, 26 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü münasibətilə Qusarda hərbçilərin yürüşü keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əllərində Azərbaycanın Dövlət bayrağını tutan hərbçilər üç kilometr məsafəni qət edərək ümummilli lider Heydər Əliyevin adını daşıyan meydana gəlmişlər.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla anmışlar.
Mərasimdə çıxış edənlər bildirmişlər ki, ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunmuşdur. Hər il bu tarix rəsmi dövlət bayramı kimi təntənə ilə qeyd edilir. Bildirilmişdir ki, müasir Azərbaycan Ordusunun yaradılması xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Ulu Öndərin ordu quruculuğu sahəsində həyata keçirdiyi işlərin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bu gün Qafqaz regionunda ən güclü orduya malikdir. Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etmək qüdrətinə malikdir.
Tədbirdə Müdafiə Nazirliyinin Qusarda yerləşən “N” saylı hərbi hissəsinin hərbçilərinin nümunəvi çıxışları maraqla qarşılanmışdır.
Tədbir hərbiçilərin təntənəli keçidi və konsert proqramı ilə yekunlaşmışdır.