İQTİSADİYYAT
Azərbaycan Stavropol diyarının əsas xarici ticarət tərəfdaşlarından biridir
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Rusiya Federasiyasının Stavropol diyarının əsas xarici ticarət tərəfdaşlarından biridir. 2016-cı ildə Stavropol və Azərbaycan arasında xarici ticarət dövriyyəsi 130 milyon ABŞ dollarını ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Stavropolskaya pravda”da Bakıda keçirilmiş “WorldFood Azerbaijan – 2017” Beynəlxalq Qida Sənayesi Sərgisinə dair materialda yer alıb.
Məqalədə qeyd edilir ki, Stavropol istehsalçıları da sərgidə öz məhsullarını təqdim ediblər. Belə ki, “QeoProstor” un və makaron məmulatlarını, “Şokolend” və “YuqAqroServis” (“Sladevil” ticarət markası) qənnadı məmulatları, “Elita-Mineral qrup” mineral suları və içkiləri nümayiş etdirib.
Stavropol şirkətləri Azərbaycanda olan potensial tərəfdaşları - ərzaq sənayesinin aparıcı şirkətləri ilə görüşlər keçiriblər. Bundan başqa, Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin əməkdaşları, respublikadakı müəssisələrin nümayəndələri ilə də görüşlər keçirilib, işgüzar tərəfdaşlıq əlaqələrinin qurulması və inkişafı məsələləri müzakirə edilib.