MƏDƏNİYYƏT


Azərbaycan TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 6-cı iclasında təmsil olunub

A+ A

Bakı, 11 iyul, AZƏRTAC

İstanbulda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 6-cı iclası keçirilib.

İclasda TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı, UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz, eləcə də TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının nümayəndələri iştirak ediblər.

Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov quruma üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının ənənəvi iclasların keçirilməsinin türk xalqlarının zəngin mədəniyyətinin qorunmasında böyük rol oynadığını vurğulayıb.

Tədbirin türk dünyasına verəcəyi müsbət töhfələrdən söz açan Nabi Avcı bəşəriyyətin terrorla üzləşdiyi bir zamanda mədəniyyətlərarası dialoqun zəruriliyini qeyd edib.

Öcal Oğuz isə Milli Komissiyaların 6-cı iclasının İstanbulda baş tutması ilə bağlı təşkilata sədrlik funksiyasının növbəti ilədək Azərbaycandan Türkiyəyə keçdiyini bildirib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında rəhbərlik etdiyi qurumun türk dünyasının tarixi-mədəni dəyərlərinin qorunması və türkdilli xalqlar arasında mədəni əlaqələrin gücləndirilməsindəki əhəmiyyətindən bəhs edib. Fondun gələcəkdə TÜRKSOY və UNESCO kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində fəaliyyətini davam etdirməsinin vacibliyini söyləyib.

Günay Əfəndiyeva, həmçinin Böyük İpək Yolunun türk xalqları arasında ortaq tarixi bağ və əlaqələndirici dəhliz kimi əhəmiyyətinə də toxunub. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ və ətraf yeddi rayonunun işğalı nəticəsində xalqımıza məxsus bir çox abidələrin, mədəniyyət və incəsənət nümunələrinin məhv edilməsini təkcə ölkəmiz üçün deyil, bütövlükdə türk dünyasına zərbə kimi qiymətləndirib, dağıdılmış tarixi-mədəni irsin mühafizəsinin və dünyaya tanıdılmasının Fondun əsas fəaliyyət istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.

2014-cü ilin dekabr ayında Bakıda keçirilmiş TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 5-ci iclasının uğurlu təşkili və yeni vəzifəyə təyin olunması ilə əlaqədar Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya Nabi Avcı tərəfindən təşəkkür və hədiyyə təqdim olunub.

Tədbirdə ölkəmizi UNESCO üzrə Azərbaycan Milli Komissiyasının, UNESCO yanında Daimi Nümayəndəliyin, Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin və AMEA-nın əməkdaşları təmsil ediblər.

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 6-cı iclası müvafiq istiqamətlər üzrə seminarlarla davam edib.

Qeyd edək ki, bu günlərdə Türkiyə, həmçinin UNESCO-nun Ümumdünya İrs Komitəsinin 40-cı iclasına da ev sahibliyi edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.