ELM VƏ TƏHSİL
Azərbaycan Tarixi Muzeyinin arxeologiya fonduna yeni materiallar verilib
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya fonduna dörd ədəd arxeoloji tapıntı daxil olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tapıntılar muzeyə akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli tərəfindən bağışlanılıb. Təqdim edilmiş tapıntılar pastadan hazırlanmış üç ədəd silindrik möhürdən və bir tunc toppuz başından ibarətdir.
Tapıntılar bizim eradan əvvəl II minilliyin sonlarına aiddir. Silindrik möhürlərdən biri 1985-ci ildə Mərdangöl nekropolundan, ikisi isə 2013-cü ildə III Plovdağ nekropolundan arxeoloji qazıntılar zamanı tapılıb. Toppuz başı isə 2007-ci il arxeoloji qazıntılar zamanı II Plovdağ nekropolunda aşkarlanıb. Hazırda tapıntıların inventarlaşdırılması və pasportlaşdırılması istiqamətində işlər aparılır.
Arxeologiya fonduna daxil olmuş bu materiallar ekspozisiyanın zənginləşdirilməsi ilə yanaşı, elmi-tədqiqatlarda, xüsusilə təmsil etdikləri dövrün sosial-iqtisadi münasibətləri, hərb işi və mədəni əlaqələri ilə bağlı məsələlərin araşdırılmasında dəyərli mənbədir.