MƏDƏNİYYƏT


Azərbaycan Tbilisidə açılan “Ənənəvi sənətkarlıq və dizayn” beynəlxalq sərgisində iştirak edir

A+ A

Tbilisi, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Tbilisidəki “Expo Georgia” Sərgi Mərkəzində “Ənənəvi sənətkarlıq və dizayn” adlı beynəlxalq sərgi açılıb.

Üç gün davam edəcək sərgidə Azərbaycan iki pavilyonda təmsil olunur.

Tədbirin açılışında çıxış edənlər xalq sənəti incilərinin, xüsusən də ənənəvi sənətkarlığın inkişaf etdirilməsinin və bu zaman yeni dizayndan istifadənin vacibliyini qeyd ediblər.

Gürcüstanın mədəniyyət və tarixi abidələr naziri Mixeil Georqadze AZƏRTAC-a müsahibəsində deyib: “Ənənəvi sənətkarlığın inkişafı qədim mədəniyyət nümunələrimizin gənc və gələcək nəsillərə çatdırılması, eləcə də təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Bu nümunələrin yeni dizaynda yenidən ictimaiyyətə təqdim olunması isə həm də yenilikdir. Mədəniyyətimizin, ənənəvi sənətkarlığın bu cür inkişafı iştirakçı ölkələrin mədəniyyəti ilə yanaşı, turizm imkanlarının təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir. Biz bununla həm də mədəni əlaqələrimizin möhkəmlənməsinə çalışırıq. Qafqaz xalqlarının bir çox oxşar və fərqli xüsusiyyətləri var. Dünya ictimaiyyətinin də bunu bilmələri vacibdir”.

Nazir sərgi çərçivəsində Azərbaycan guşəsinə də baş çəkdiyini, azərbaycanlı dizaynerlərin ənənəvi sənətkarlıq nümunələrini yeni formada təqdim etməsini yüksək qiymətləndirib.

Azərbaycanlı dizayner Nərgiz Abbasova deyib ki, Azərbaycan mədəniyyəti, incəsənəti və sənətkarlıq nümunələrini burada yeni dizaynda təqdim etməkdə əsas məqsəd xarici dövlətlərin nümayəndələrinin diqqətini ölkəmizə cəlb etməkdir. Bu, həm də xalqımızın tarixinin, mədəniyyətinin, incəsənətinin, yaradıcılığının qədimiliyinin təbliğidir.

Azərbaycanlı dizaynerlərin təqdim etdikləri zinət əşyaları, xalçaçılıq, geyim və digər mədəniyyət nümunələri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.