MƏDƏNİYYƏT
Azərbaycan Tbilisidə keçirilən dağ turizmi beynəlxalq konfransında təmsil olunur
Tbilisi, 5 aprel, AZƏRTAC
Aprelin 5-də Tbilisidə "Dağ turizminin davamlı inkişafı üçün innovasiya strategiyası" mövzusunda beynəlxalq konfrans keçirilib.
BMT və Dünya Turizm Təşkilatının dəstəyi ilə keçirilən tədbirdə 35 ölkədən nümayəndə iştirak edir. Azərbaycanı bu konfransda "Şahdağ turizm mərkəzi"nin rəhbəri Rüstəm Nəcəfov təmsil edir.
R.Nəcəfov jurnalistlərə müsahibəsində deyib ki, tədbirin məqsədi Avropa və Asiya, eləcə de Cənubi Qafqaz ölkələrində dağ turizminin inkişaf perspektivlərini müzakirə etmək, təcrübə mübadiləsi aparmaqdır. Bildirib ki, tədbir çərçivəsində bir sıra görüşlər də keçiriləcək. Bu görüşlərdə Azərbaycan ilə Gürcüstan, eləcə də digər ölkələr arasında dağ turizmi sahəsində əlaqələrin inkişafı və s. məsələlər müzakirə olunacaq. Eyni zamanda, Azərbaycanın turizm imkanları, o cümlədən dağ turizmi barədə məlumat veriləcək.
Konfransın açilışında Dünya Turizm Təşkilatının Baş katibi Taleb Rifahi, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, iqtisadiyyat və davamlı inkişaf naziri Qeorqi Qaxariya və başqaları çıxış edib, turizmin inkişafının vacibliyini qeyd ediblər. Bildirilib ki, turizmin inkişafı ölkələrin iqtisadi inkişafı ilə yanaşı, dövlətlərarası əlaqələrin genişlənməsində də mühüm rol oynayır. Çıxışlarda turizm bölgələrində tarixi, mədəni abidələrin mühafizəsinin, yerli insanların işlə təmin olunmasının, regionlar arasında münasibətlərin genişlənməsinin vacibliyi xüsusi qeyd olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi