CƏMİYYƏT


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı beynəlxalq seminarda ölkəmizi təmsil edib

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının paytaxtı Nalçikdə “Tələbə idmanı sahəsində gənclərin mübadilə inkişafı” mövzusunda MDB ölkələrinin gəncləri üçün beynəlxalq seminar keçirilib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından (ATGTİ) AZƏRTAC-a bildiriblər ki, Kabardin-Balkar Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən seminarda ölkəmizlə yanaşı, Dağıstan, Belarus, Çeçenistan, Qazaxıstan və digər respublikalardan olan nümayəndələr də iştirak ediblər. Seminarda Azərbaycanı ATGTİ-nin əməkdaşları Ramiz Allahverdiyev, Hafiz Məmmədov və Arif Məmmədov təmsil ediblər. Tədbirə, həmçinin Rusiya Federasiyasının Təhsil və Elm, İdman nazirliklərinin və müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri də qatılıblar.

ATGTİ-nin nümayəndələri çıxışlarında ölkəmizdə idmana göstərilən dövlət qayğısından, tələbələrin beynəlxalq idman tədbirlərinin təşkilində fəal rolundan danışıblar. Gənclərimiz seminar iştirakçılarına “Bakı-2015” birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər beynəlxalq yarışların hazırlıq prosesinə tələbə gənclərin könüllü kimi cəlb olunması təcrübəsi barədə ətraflı məlumat veriblər. Həmçinin ölkəmizin təhsil müəssisələrində ən müasir idman avadanlığının quraşdırıldığı diqqətə çatdırılıb.

Beynəlxalq seminar Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin “Tələbə təşkilatlarının fəaliyyəti” proqramı çərçivəsində təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.