CƏMİYYƏT
Azərbaycan Tələbə Şəbəkəsinin İtaliya bölməsi təsis edilib VİDEO
Roma, 10 aprel, AZƏRTAC
Romada Azərbaycan Tələbə Şəbəkəsinin (ASN) İtaliya bölməsinin təsis edilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə italyan və Romada təhsil alan azərbaycanlı tələbələr, İtaliyanın akademik, təhsil və işgüzar dairələrinin təmsilçiləri, KİV-lərin nümayəndələri, bu ölkənin müxtəlif tədqiqat mərkəzlərinin əməkdaşları iştirak ediblər.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov çıxış edərək belə bir tədbirin təşkilini Azərbaycandan və İtaliyadan olan gənclərin sıx əlaqələr qurmasının göstəricisi kimi qiymətləndirib.
Azərbaycanda aparılan gənclər siyasəti, dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan danışan səfir diqqətə çatdırıb ki, ölkəmizin əsas hədəflərindən biri gənclər üçün hər cür şəraitin yaradılmasıdır. Azərbaycanda gənclər siyasətinin möhkəm hüquqi bazası mövcuddur. Belə ki, ölkəmizdə gənclər siyasətinə dair qanunlar qəbul olunur və dövlət proqramları uğurla icra edilir. Bakıda təşkil olunmuş Gənclər Siyasəti üzrə I BMT Qlobal Forumu Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirildiyinin bariz nümunəsidir. Biz əminik ki, Azərbaycanda formalaşan yeni nəsil ölkəmizin əhəmiyyətli uğurlara imza atmasında böyük rol oynayacaq.
Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan səfir vurğulayıb ki, siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlərimiz getdikcə inkişaf edir. TAP layihəsinin reallaşması ilə Azərbaycan Avropanın əsas qaz təminatçısına çevriləcək. Vaqif Sadıqov qeyd edib: “İtaliya uzun illərdir Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Bu ölkənin şirkətləri Azərbaycanda qeyri-neft sektorunda fəaliyyət göstərməkdə maraqlıdırlar. Akademik, elmi, mədəni sahələrdə bir sıra birgə layihələr həyata keçirilməkdədir. Cari il də ölkələrimiz üçün önəmli tədbirlərlə yadda qalacaq: “Milan Expo 2015” beynəlxalq sərgisində Azərbaycanın iştirakı, Bakıda keçiriləcək ilk Avropa Oyunları və digərləri”.
Tədbirdə çıxış edən ASN-in sədri Nazim Əliyev ölkələrimiz arasındakı əlaqələrin tarixindən bəhs edib. Vurğulayıb ki, Qobustan ərazisində Böyükdaş qayasının aşağı terrasındakı qaya daşı üzərində Roma yazılarının olması, məşhur italiyalı səyyah Marko Polonun Azərbaycana səfəri əlaqələrimizin dərin tarixi köklərə söykənməsindən xəbər verir. Hazırda iqtisadiyyat, kənd təsərrüfatı, sənaye və enerji sahələrində bu münasibətləri genişləndirmək üçün yaxşı imkanlar var.
ASN-in fəaliyyətindən danışan N.Əliyev bildirib ki, təşkilatın İtaliya bölməsinin təsis olunması ölkələrimiz arasındakı əlaqələrin bundan sonra da inkişafına töhfəsini verəcək. O deyib: “Qlobal arenada Azərbaycana artan maraq təkcə iqtisadi amillərlə məhdudlaşmır. Artıq bütün dünya gənc alimlərimizin, tədqiqatçılarımızın potensialını görür. ASN Azərbaycanı araşdırmaq və öyrənmək istəyən avropalılar üçün vasitəçi rolunu oynayır. Təşkilatımız onlara ölkəmizlə daha yaxından tanış olmaq imkanı yaradır”.
Roma İncəsənət Universitetinin rektoru professor Fabio Moncelli, Azərbaycan və Qafqaz üzrə Gənc İtalyan Tədqiqatçılar Assosiasiyasının (ASSAC) prezidenti professor Daniel Pommier, incəsənət kuratoru və sənətşünas Klara Tosi, Vatikan Dövlətinin mədəniyyət üzrə Pontifik Şurasının tədqiqatçısı Lex Piexota çıxış edərək belə bir təşəbbüsü həyata keçirdiyinə görə ASN-ə minnətdarlıqlarını ifadə ediblər. Bildirilib ki, bu cür qurumların fəaliyyəti gələcəkdə iki ölkənin gəncləri arasında daha sıx əlaqələrin qurulmasına, elmi, mədəni və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsinə yol açacaq.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma