MƏDƏNİYYƏT
Azərbaycan Tərcümə Mərkəzi bədii tərcümə mükafatı təsis edib
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (ATM) bədii tərcümə əməyinin dəyərləndirilməsi, tərcümə sahəsinin inkişafının stimullaşdırılması məqsədilə “Dəf(i)nə yarpağı” adlı bədii tərcümə mükafatı təsis edib.
ATM-dən AZƏRTAC-a bildirilib ki, müsabiqənin 2 ildən bir keçirilməsi nəzərdə tutulur. Tərcümə əsərlərinin qəbul müddəti bu ilin oktyabrın 24-dən dekabrın 20-dək müəyyən edilib. Qaliblərin adı 2015-ci ilin mart ayının sonlarında keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq.
Müsabiqəyə nəsr və poeziya üzrə Azərbaycan dilinə tərcümə edilmiş əsərlər qəbul edilir. Hər nominasiya üzrə mükafat bir müəllifə və bir əsərə veriləcək. Yalnız müsabiqə üçün edilmiş, yeni və çap olunmamış tərcümələr qəbul olunur.
Qalib əsərlərin seçimi iki mərhələ üzrə aparılacaq. Ekspertlərin və mükafat komissiyası üzvlərinin adları mükafatlandırma mərasiminə qədər gizli saxlanılacaq.
Nəsr və poeziya üzrə tərcümə əsərlərinin qaliblərinə birinci yer 3000 manat, ikinci yer 2000 manat, üçüncü yer 1000 manat olmaqla pul mükafatı və diplom təqdim ediləcək.
Həvəsləndirici mükafatın sahiblərinə isə 500 manat veriləcək.
Müsabiqəyə qatılmaq istəyənlər əsərlərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müsabiqə ilə bağlı daha ətraflı məlumatı ATM-in aztc.gov.az saytından əldə etmək mümkündür.