MƏDƏNİYYƏT
Azərbaycan Tərcümə Mərkəzinin də təmsil olunduğu növbəti Qahirə beynəlxalq kitab sərgisinin açılışı olub
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) təmsil olunduğu 46-cı Qahirə beynəlxalq kitab sərgisinin açılışı olub.
Tərcümə Mərkəzinin əməkdaşı Fərid Hüseyn AZƏRTAC-a bildirib ki, açılışda ölkəmizin Misir Ərəb Respublikasındakı səfiri Şahin Abdullayev, konsul Emil Rəhimov, Azərbaycan diasporunun üzvləri, Qahirə Universitetinin tələbələri və Mədəni İrsin İnkişafı üzrə “Halqa” təşkilatının nümayəndələri iştirak ediblər.
Sərgidə ATM-in stendini Misir Ərəb Respublikasının Baş naziri İbrahim Məhləb, vəqflər naziri Məhəmməd Muxtar Cümə, mədəniyyət naziri Cabir Usfur, sənaye və ticarət naziri Munir Fəxri və “əl-Ahram” qəzetinin idarə heyətinin sədri Əhməd Nəccar ziyarət ediblər.
Misirin Baş naziri İbrahim Məhləb Azərbaycan stendini ziyarət edərkən, ölkəmiz barədə fikirlərini belə ifadə edib: “46-cı Qahirə beynəlxalq kitab sərgisində Azərbaycan ilk dəfə iştirak edir. Azərbaycan bizim üçün ən əhəmiyyətli ölkələrdəndir. Stendinizdə yer alan maraqlı nəşrlər diqqətimizi çəkdi. Sizə fəaliyyətinizdə uğurlar arzu edirik”.
Daha sonra səfir Şahin Abdullayev deyib: “Çox sevindirici haldır ki, belə möhtəşəm sərgidə Azərbaycan da iştirak edir. Bu sərgi dünyada Frankfurtdan sonra ikinci böyük kitab sərgisi hesab olunur. Azərbaycanın belə bir sərgidə iştirakı təqdiredici haldır. Ölkələr və xalqlararası münasibətlərin qurulmasında, mədəniyyətin, ədəbi-mədəni mübadilələrin rolu danılmazdır. Kitab sərgiləri mədəniyyətlərin təbliğində böyük rol oynayır. Misir tərəfi bu sərgiyə ilk dəfə qatılan Azərbaycanın iştirakına böyük önəm verir. Arzu edirik ki, Azərbaycan Tərcümə Mərkəzi növbəti illərdə də ölkəmizi bu sərgidə təmsil etsin”.
Azərbaycanın sərgidə iştirakı, həmçinin, Misir On Tv, Nil Mədəniyyət telekanallarında və “Əl-Yaum Əl-Sabi” elektron-qəzetində də geniş işıqlandırılıb. Azərbaycan stendində Qarabağ həqiqətlərinə, dövlət və dövlətçiliyimizə aid kitablar, ATM-in nəşrləri və ölkə nəşriyyatlarında çap edilən ən dəyərli kitablar nümayiş olunub.