ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı uğurla davam etdirir
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) maşınqayırma fakültəsinin dekanı Ərəstun Məmmədov “Xemnitz şəhərində metalkəsən dəzgahların universitetdə tədqiqi və tədrisinin 60 illiyi” mövzusunda keçirilən konfransda iştirak etmək üçün Almaniyanın Xemnitz Texniki Universitetinin (XTU) Metalkəsən Dəzgahlar və İstehsal Prosesləri İnstitutunda olub.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, səfər zamanı universitetlərarası əməkdaşlığın perspektivləri və iş planı müzakirə edilib. Müəllim, əməkdaş və tələbə mübadiləsinin, hər iki universitetin iştirakı ilə elmi-texniki konfransların, elmi, tədris-metodik seminarların və yay məktəblərinin keçirilməsi məsələlərinin vacibliyi vurğulanıb.
Əldə olunan razılaşmaya əsasən, XTU-nun Metalkəsən Dəzgahlar və İstehsal Prosesləri İnstitutunun icraşı direktoru, professor Andreas Hirş bu tədris ilində bir həftə müddətində AzTU-da olacaq, bakalavr, magistr, doktorant və əməkdaşlar üçün müasir metalkəsən dəzgahlar, istehsal prosesləri, virtual və innovativ texnologiyalar üzrə mühazirələr oxuyacaq.