İQTİSADİYYAT
Azərbaycan Texniki Universitetində “Nar” günü keçirilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də Azərbaycan Texniki Universitetində (AzTU) “Nar” günü keçirilib. Mobil operator fərqlənən tələbələr üçün xüsusi mükafat da təsis edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Nar” günü proqramı çərçivəsində tədris semestrinin sonunda ən yaxşı tələbələrin seçiləcəyi barədə elan verilib. Qeyd olunub ki, hər semestrdə ən yaxşı nəticələr göstərən 3 tələbə “Nar” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılacaq. Belə ki, imtahan sessiyasında göstərdikləri nəticələrə uyğun olaraq, 1-ci, 2-ci və 3-cü yerləri tutan tələbələr mobil operatordan dəyərli hədiyyələr qazanacaq. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar”ın bu təşəbbüsü tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verəcək.
AzTU ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası yaradılıb, tələbələr GSM sahəsi üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanıblar. “Nar”ın müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki işçi heyəti tərəfindən tələbələr üçün təlimlər və seminarlar keçirilir. Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil operatorda ilk addımlarını atıb. Universitetdəki laboratoriyanın təchizatı və tələbələr üçün nəzərdə tutulmuş təcrübə proqramı “Nar”ın gənclər və təhsilə yönəlmiş KSM strategiyası çərçivəsində həyata keçirilir.
“Nar” KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.