ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universitetində Respublika Günü qeyd edilib
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Azərbaycan Texniki Universitetində (AzTU) 28 May - Respublika Gününə həsr olunan tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən AzTU-nun rektoru, professor Havar Məmmədov bu günün tarixindən danışıb. Bildirilib ki, XX əsr Azərbaycan xalqının həyatında azadlıq və istiqlaliyyət uğrunda böyük mübarizələr əsri olub. Ötən əsrin əvvəllərində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra süqut etsə də, onun baniləri bu gün də böyük minnətdarlıq hissi ilə xatırlanırlar.
1991-ci il oktyabrın 18-də əldə etdiyimiz müstəqilliyin bu mübarizənin məntiqi nəticəsi kimi tarixə düşdüyünü diqqətə çatdıran rektor vurğulayıb ki, həmin vaxt respublikamız müstəqilliyini bərpa etsə də, müstəqil siyasət apara bilməyib. 1993-cü ilin iyununda Azərbaycan parçalanma, dağılma ərəfəsində ikən ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, bu gün biz müstəqilliyimizdən danışa bilməzdik.
Mili Məclisin deputatları - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi araşdırmalar institutu”nun direktoru Elman Nəsirli və AzTU-nun professoru Astan Şahverdiyev Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanın böyük uğurlara imza atdığını, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini vurğulayıblar.