ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universitetində Süleyman Rüstəmin 110 illik yubileyi qeyd olunub
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) Əməkdar İncəsənət Xadimi, Sosialist Əməyi Qəhrəmanı, Xalq Şairi Süleyman Rüstəmin 110 illik yubileyinə həsr olunan tədbir keçirilib.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru, professor Havar Məmmədov Süleyman Rüstəm poeziyasının əsas mövzularından, görkəmli sənətkarın ədəbiyyatımıza, poeziyamıza töhfələrindən danışıb. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Süleyman Rüstəmin 110 illik yubileyinin respublikamızın bütün guşələrində qeyd edildiyini vurğulayan rektor, şairin Vətənə, insana məhəbbət duyğuları ilə yoğrulan, daim nikbinlik, yaşamaq eşqi aşılayan poeziyasının bundan sonra da sevilə-sevilə oxunacağına inandığını bildirib.
Şairin yaradıcılığına gənclərin də xüsusi həssaslıqla yanaşdıqlarını diqqətə çatdıran H.Məmmədov qeyd edib ki, Süleyman Rüstəmin “Ana və poçtalyon”, “Gün o gün olsun ki...”, “Təbrizim”, “Şəhriyara məktub” və digər şeirləri dillər əzbəri olub və bu gün də gənclərdə vətənpərvərlik hissləri oyadır. Rektor Süleyman Rüstəmin insanlara sevgi, məhəbbət, incə hisslər, xoş duyğular aşılayan lirikası ilə yanaşı, Təbriz həsrətli və müharibənin ağrı-acılarını sənətkarlıqla, yüksək bədiiliklə təsvir edən şeirlərinin də həmişəlik ədəbiyyatımızın qızıl fonduna daxil olduğunu vurğulayıb. Bildirilib ki, XX əsr Azərbaycan poeziyasında öz məktəbini yaratmış Süleyman Rüstəmin adı, əsərləri mədəniyyət tariximizdə daim yaşayacaq
Xalq Şairi Nəriman Həsənzadə və digər çıxış edənlər Süleyman Rüstəmin yaradıcılığından, Vətənə, xalqa məhəbbətindən, sovet dövründə ədəbi mühitin formalaşdırılmasında, dirçəlməsində göstərdiyi xidmətlərdən söz açıblar. Qeyd olunub ki, şairin Cənub həsrətindən yoğrulan şeirləri, poemaları, qəzəlləri ədəbiyyatımızda özünəməxsus yer tutur. Süleyman Rüstəmin onlarla şeirinə musiqi bəstələnib, muğam üstündə oxunan qəzəlləri insanlara xoş əhval-ruhiyyə bəxş edir.
Tədbirdə şairin yaradıcılığından nümunələr səsləndirilib, sözlərinə bəstələnmiş mahnılar ifa olunub.
Xalq Şairinin oğlu Azad Rüstəmzadə atasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.