ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universitetində “Ustadlıq mərkəzi” istifadəyə verilib
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) “Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana menecmenti üzrə peşəkar bakalavr-magistr hazırlığı” TEMPUS layihəsi çərçivəsində “Ustadlıq mərkəzi” fəaliyyətə başlayıb.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru vəzifəsini icra edən Xalıq Yahudov layihənin icrasının məqsədinin Avropa təhsil sisteminə uyğun dərsliklərin hazırlanması, müəllim-işçi heyətinin təkmilləşdirilməsi və nəticədə otelçilik menecmenti ixtisası üzrə bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrin müasir tələblərə cavab verən kadr kimi yetişdirilməsi olduğunu deyib.
X.Yahudov “Ustadlıq mərkəzi”nin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin praktik vərdişlərə yiyələnmələri üçün böyük əhəmiyyət daşıdığını söyləyib.
Layihənin regional direktoru, AzTU-nun kafedra müdiri Həsən Hüseynov bildirib ki, layihə çərçivəsində davamlı inkişaf proqramı hazırlanıb. Proqrama əsasən otelçilik menecmenti üzrə bir bakalavriat və iki peşə magistraturasının yaradılması, yeddi müəllimin təkmilləşdirilməsi və iki yüz tələbənin yeni proqram üzrə hazırlanması, məzunların işlə təminatının yaxşılaşdırılması, otuz peşə analitikinin hazırlanması və həmçinin iki “Ustadlıq mərkəzi”nin yaradılması xüsusi məqsədlərdən olub. Dörd ildə bu hədəflərdən böyük əksəriyyətinə nail olunduğunu bildirən H.Hüseynov layihənin ölkə turizminin inkişafına böyük töhfə verəcəyini söyləyib.
Çıxış edənlər TEMPUS layihəsinin, eləcə də yeni istifadəyə verilən mərkəzin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, layihənin direktoru Portuqaliyanın ESPİNHO Universiteti, baş əlaqələndiricisi isə Fransanın Grenobl Akademiyasıdır. Avropanin bir neçə nüfuzlu universitetləri isə layihədə ekspert qismində iştirak ediblər.