ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universitetində beynəlxalq konfrans keçiriləcək
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 28-dən 30-dək Azərbaycan Texniki Universitetində (AzTU) “Maşınqayırmada intellektual texnologiyalar” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçiriləcək.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, konfrans iştirakçıları qabaqcıl elmi təcrübələrin mübadiləsi, elmi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi imkanı əldə edəcəklər.
Tədbir maşınqayırma sahəsinin prioritet məsələlərini əhatə edən “İntellektual idarəetmə sistemləri”, “Avtomatlaşdırılmış layihələndirmə və ekspert sistemləri”, “Maşınların layihələndirilməsində innovativ metodlar”, “Maşınqayırmada keyfiyyət: problemlər və perspektivlər”, “Yeni kompozisiya materiallarının materialşünaslığı və metallurgiyası”, “Bərk cisim, maye və qaz mexanikasının problemləri”, “Logistik sistemlər”, “Təhsildə intellektual texnologiyalar və resurslar” mövzularında bölmə iclasları ilə davam edəcək. Bu bölmələr üzrə artıq 240 məqalə təşkilat komitəsinə təqdim olunub.
Konfransda Türkiyə, Almaniya, Rusiya və Ukraynadan olan elm adamları, zavod və müəssisə rəhbərləri, maşınqayırma sahəsi ilə maraqlanan iş adamları iştirak edəcəklər.