ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universitetində birinci kurs tələbələri ilə görüş olub
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) 2016-2017-ci dərs ilinin başlanmasına və “Bilik günü”nə həsr olunan tədbir keçirilib.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin bu ali məktəbin foyesindəki büstü önünə tər çiçək dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir universitetin binası qarşısında davam etdirilib. AzTU-nun prorektoru Xalıq Yahudov tələbə və müəllimləri, qonaqları “Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə təbrik edib.
Prorektor bu il AzTU-nun bakalavriat səviyyəsinə 1803, magistratura səviyyəsinə isə 203 tələbənin qəbul olduğunu bildirib, universitetdə təhsilin təşkilinin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkəmizdə ali təhsil sisteminin inkişaf etdirilməsinə göstərilən dövlət qayğısı barədə danışıb. X.Yahudov qeyd edib ki, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi yüksək bilik və bacarığa malik, intellektual səviyyəli gənc mühəndis kadrlardan çox asılıdır.
Vurğulanıb ki, hazırki mərhələdə elm və istehsalatın yeni sahələri yaradılır. Həmin sahələrə yüksək intellektual səviyyəli, bilikli, bacarıqlı, təşkilatçılıq qabiliyyətinə malik mühəndis kadrlar tələb olunur. Belə kadrlar isə Azərbaycan Texniki Universitetində və respublikanın digər ali məktəblərində hazırlanır.
Çıxış edənlər tələbə adını qazanan gəncləri təbrik edib, uğurlar arzulayıblar.
Qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrinə xatirə hədiyyələri və tələbə biletləri təqdim edilib.