ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universitetində plagiatın qarşısının alınması istiqamətində addımlar atılıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) müəllif hüquqlarının qorunması və bu işin sistemli təşkili üçün seminar keçirilib.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov bu sahədə real addımların atılmasının vacibliyini qeyd edib. Professor AzTU-nun müəllif hüquqlarının qorunması məqsədilə Polşanın bu sahədə ixtisaslaşmış şirkəti olan “Plagiat” MMC ilə əməkdaşlıq edəcəyini bildirib.
Seminarda iştirak edən “Plagiat” MMC-nin əməkdaşları – icraçı menecer Xəyalə Abdullayeva və əlaqələndirici Aygün Məmmədli bildiriblər ki, elmi işlərdə orijinallığın təmin edilməsi ilə keyfiyyətin artırılması istiqamətindəki əməkdaşlıq üçün şirkətin bazasında bütün ali məktəblərdən materiallar toplanılacaq. Oxşarlığın müəyyənləşdirilməsi məqsədilə sistem internet resurslarını yoxlayacaq.
Şirkətlə əməkdaşlıq çərçivəsində AzTU-da bu təhsil müəssisəsinin əməkdaşlarından ibarət struktur formalaşdırılıb. Struktura sistem administratoru və hər kafedra üzrə bir sistem operatoru daxildir.
Sistem vasitəsilə müəlliflərin işlərinin birinci yoxlanışı ödənişsiz olacaq.