CƏMİYYƏT
Azərbaycan Texniki Universitetinin tələbələri dövlət qulluğuna qəbul qaydaları haqqında məlumatlandırılıblar
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya məzun olacaq tələbələrin dövlət qulluğuna cəlb edilmələri üçün ali təhsil müəssisələrində silsilə görüşləri davam etdirir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 24-də Komissiyanın əməkdaşları Azərbaycan Texniki Universitetinin yuxarı kurs tələbələri ilə görüşüblər.
Universitetin prorektoru İsa Xəlilov görüşdə deyib ki, məqsəd ali təhsil müəssisəsindən məzun olacaq tələbələri dövlət qulluğuna qəbul qaydaları ilə tanış etmək, onların gələcəkdə işlə təmin edilməsinə kömək göstərməkdir.
Prorektor Azərbaycanda gənclərin inkişafına yönəlmiş dövlət proqramları, dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğı, uğurla həyata keçirilən gənclər siyasəti haqqında danışıb.
Komissiyanın insan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn tələbələrə qurumun fəaliyyəti, dövlət qulluğuna qəbulla bağlı tətbiq olunan yeniliklər barədə məlumat verib.
Komissiyanın aparıcı məsləhətçisi Kamil Baxşəliyev müsabiqələr zamanı dövlət qulluğuna qəbulun şərtləri, vəzifə seçimində nələrə diqqət edilməsi, ixtisas, staj tələbləri, sənədlərin hansı formada təqdim olunması barədə məlumat verib.
Sonda Komissiyanın əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıblar.