REGİONLAR
Azərbaycan Texnologiya Universiteti “DET-AL” alüminium MMC ilə əməkdaşlıq edəcək
Gəncə, 29 avqust, AZƏRTAC
Azərbaycan Texnologiya Universiteti “Müştəriyə yönəlmə proqramı” layihəsi çərçivəsində Gəncə və ətraf rayonlardakı iri sənaye müəssisələri ilə əlaqələr yaradır. Layihəyə uyğun olaraq növbəti görüş Gəncədəki “DET-AL” Alüminium MMC-də keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl ali təhsil ocağının nümayəndələri müəssisənin istehsal sahələri və laboratoriyaları ilə tanış olublar. Sonra “DET-AL” Alüminium MMC-nin icraçı direktoru Yalçın Camalov, kompleksin direktoru Cəmil Səfərov və baş direktorun satış üzrə müavini Rauf Rüstəmov zavod haqqında ətraflı məlumat veriblər. Azərbaycan Texnologiya Universitetinin prorektoru Səbuhi Yusifov, magistratura şöbəsinin müdiri Nicat Nəsirli və başqaları müəssisə ilə əməkdaşlıq qurulmasının əhəmiyyətindən danışıblar.
Görüşdə istehsalat təcrübələrinin keçirilməsi, tədris planlarının yenidən işlənməsi, eləcə də “Müştəriyə yönəlmə proqramı” çərçivəsində pilot laboratoriyaların qurulması imkanları müzakirə edilib. Qərara alınıb ki, yaxın günlərdə professor və müəllimlərin, tələbə və mütəxəssislərin iştirakı ilə geniş tərkibdə “dəyirmi masa” keçirilsin.