CƏMİYYƏT


Azərbaycan Tibb Universiteti Dünya Səhiyyə Təşkilatının beynəlxalq şəbəkəsinə üzv seçilib

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan Tibb Universiteti (ATU) Dünya Səhiyyə Təşkilatının (DST) Kimyəvi Risklərin Qiymətləndirilmə Şəbəkəsinin üzvü olub. Bu barədə DST İctimai Sağlamlıq Departamentinin direktoru Maria Neira tərəfindən ATU-ya ünvanlanan məktubda rəsmi açıqlama verilib.

Universitetin DST şəbəkəsi ilə əlaqələndiricisi İsmayıl Əfəndiyevin AZƏRTAC-a verdiyi məlumata görə, kimyəvi təhlükəsizlik XXI əsrin qlobal problemlərindən biridir. On milyona qədər müxtəlif kimyəvi maddənin ətraf mühitdə toplanması nəticəsində son onillikdə bütün dünyada kəskin və xroniki zəhərlənmə problemi xüsusi aktuallıq kəsb edib. Bu maddələrin çoxu sənayedə, kənd təsərrüfatında və məişətdə istifadə olunur. DST-nin məlumatına əsasən, təxirəsalınmaz yardıma görə stasionara təcili daxil olanların 15-20 faizini kimyəvi mənşəli kəskin zəhərlənmələrə məruz qalan şəxslər təşkil edir. İl ərzində 350 mindən artıq insan isə ancaq təsadüfi zəhərlənmədən ölür. Bundan başqa, hər il dünyada ölümlə nəticələnən 1 milyon sui-qəsdin təqribən dörddəbiri müxtəlif kimyəvi maddələrin qəbulu ilə əlaqədardır.

Zəhərlənməyə nəzarət anlayışına potensial təhlükəli maddələrin aşkar olunması, onların qeydiyyatı, öyrənilməsi, kimyəvi maddələrin insan orqanizminə toksiki təsir riskinin azaldılması, həmçinin kəskin kimyəvi zəhərlənmənin profilaktikası, diaqnostikası, müalicəsi, onların statistik uçotu və proqnozlaşması daxildir.

Hazırda DST-nin Kimyəvi Risklərin Qiymətləndirilmə Şəbəkəsinə 59 ölkənin 100-dən artıq təhsil, elmi-tədqiqat və tibb müəssisələri daxildir. ATU-nun bu şəbəkənin üzvlüyünə qəbul olunması ali təhsil ocağının beynəlxalq nüfuzunun artmasının göstəricisidir və gələcəkdə DST-nin potensialından istifadə edilməklə Azərbaycan vətəndaşlarının kimyəvi risklərlə üzləşmələrinin azalmasına imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.