ELM VƏ TƏHSİL
Azərbaycan Tibb Universiteti ilə Türkiyənin Səlcuq Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
Bakı, 26 may, Kifayət Əliyeva, AZƏRTAC
Mayın 26-da Azərbaycan Tibb Universiteti (ATU) ilə Türkiyənin Səlcuq Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Sənəddə iki ali məktəb arasında tələbə, rezident və mütəxəssis mübadiləsinin həyata keçirılməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimindən əvvəl ATU-da keçirilən görüşdə universitetin rektoru, Milli Məclisin deputatı, akademik Ə.Əmiraslanov Azərbaycanda tibb elminin inkişafından, təhsil sahəsində həyata keçirilən proqram və islahatlardan, rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən, beynəlxalq əlaqələrindən danışıb. Bildirilib ki, hazırda universitetdə 7000-dən çox tələbə və rezident, həmçinin 1000-dən çox əcnəbi gənc təhsil alır. Bu ali təhsil ocağında 160-dan çox professor, 320 dosent, 800-dək elmlər namizədi və ümumilikdə 1300 nəfərdən ibarət akademik personal çalışır.
Akademik Ə.Əmiraslanov Səlcuq Universiteti ilə sıx əlaqələrin yaradılması arzusunu da qeyd edib: “Səlcuq Universitetində sonuncu dəfə ötən əsrin 90-cı illərinin əvvəllərində olmuşam. O vaxtdan bu universitetdə çox irəliləyişlər olub. Ümid edirəm ki, bu ali məktəblə səmərəli əməkdaşlıq edəcəyik”.
Səlcuq Universitetinin rektoru, professor Hakkı Gökbel rəhbərlik etdiyi ali təhsil ocağı barədə məlumat verib. Bildirilib ki, Türkiyənin ən böyük ali təhsil müəssisələrindən olan Səlcuq Universitetində 80.000 tələbə təhsil alır. Burada 22 fakültə, altı institut fəaliyyət göstərir. Rektor universitetin tibb fakültəsində tibbin bütün sahələri üzrə mütəxəssislərin yetişdirildiyini, ATU ilə əməkdaşlığa hazır olduqlarını söyləyib. O, Azərbaycan Tibb Universitetinin fəaliyyəti ilə tanış olduğunu, bu ali məktəblə əlaqələri genişləndirməyi nəzərdə tutduqlarını bildirib.
Sonra iki universitet arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Sənədi akademik Ə.Əmiraslanov və professor H.Gökbel imzalayıblar.
Görüşdə iki ali məktəb arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin, konfransların keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.