ELM VƏ TƏHSİL
Bakıda VI Uroonkoloji Qış Konqresi keçirilir
Bakı, 30 yanvar, İbrahim Əsədov, AZƏRTAC
Yanvarın 30-da Azərbaycan Tibb Universitetində (ATU) VI Uroonkoloji Qış Konqresi başlayıb.
Beynəlxalq tədbir Azərbaycan və Türkiyə Səhiyyə nazirliklərinin, Milli Onkologiya Mərkəzinin və Azərbaycan Tibb Universitetinin birgə dəstəyi ilə Avrasiya Uroonkoloji Cəmiyyəti tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, Türkiyə, Almaniya, Polşa, ABŞ, Fransa və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri konqresin açılış mərasimində ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov müasir dünyada, o cümlədən ölkəmizdə tibb elminə və təhsilinə xüsusi önəm verildiyini, bu sahədə uğurlar əldə olunduğunu bildirib.
Akademik Ə. Əmiraslanov konqresin əhəmiyyətindən danışıb.
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev tibbi xidmətin səviyyəsinin yüksəldilməsi ilə bağlı reallaşdırılan tədbirlərdən bəhs edib.
Nazir müavini konqresdə tibbin müxtəlif istiqamətlərində, xüsusilə urologiya və onkologiya sahələrindəki yeniliklərin, problemlərin müzakirə olunacağını diqqətə çatdırıb.
Qardaş ölkələrimizin mehriban münasibətlərindən danışan Türkiyənin Bakıdakı səfiri İsmail Alper Coşkun elm, təhsil, səhiyyə və digər sahələrdə əlaqələrimizin səmərəli olduğunu vurğulayıb.
Türkiyə və digər ölkələrdən olan alim və mütəxəssislər də mövzu ilə bağlı fikirlərini söyləyiblər.
Sonra müxtəlif mövzularda məruzələr dinlənilib. Məruzələrdə endoskopik, loporoskopik, transuretrol, robotik və s. üzrə cərrahiyyənin yeni metodları və son nailiyyətləri barədə məlumat verilib.
Yanvarın 31-də başa çatacaq konqresdə 150-dək məruzə dinləniləcək, müzakirələr aparılacaq.