CƏMİYYƏT
Azərbaycan Tibb Universitetində Bilik günü qeyd olundu
AZƏRTAC xəbər verir ki, toplantıda çıxış edən ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bu əlamətdar günün yaranma tarixindən danışdı, tələbə adını qazanan gəncləri, onların valideynlərini və müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi.
Rektor universitetin keçdiyi inkişaf yoluna da nəzər saldı, bu elm müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsində və yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xatırlatdı. Bildirdi ki, tibb təhsilinə həmişə diqqət və qayğı ilə yanaşan ulu öndər həkimlərimizin və müəllimlərimizin əməyinə daim yüksək qiymət vermişdir.
Universitetin nəzdində onkoloji, tədris-terapevtik və stomatoloji klinikalarının fəaliyyət göstərdiyini, bir qədər əvvəl isə tədris-cərrahiyyə klinikasının istifadəyə verildiyini deyən rektor bütün bunları Azərbaycan Prezidenti İlham Əliyevin səhiyyə sahəsinə diqqəti kimi qiymətləndirdi. Məlumat verildi ki, 2014/2015-ci tədris ilində ATU-ya 1022 nəfər qəbul olunub. Onlardan 957 nəfər həkim və hərbi həkim, 50 nəfər hərbi feldşer, 15 nəfər isə magistr ixtisasını seçib. Eyni zamanda, müqavilə əsasında 145 xarici tələbə hazırlıq şöbəsindən universitetin birinci kursuna qəbul olunub. Builki qəbul imtahanlarında 600-dən çox bal toplamış 366, 700 bal toplamış 2 nəfər ATU-da təhsil alacaqdır. Prezident təqaüdçülərinin sayı isə 25 nəfərdir.
Sonra akademik Ə.Əmiraslanovun müəllifi olduğu “Onkologiya” dərsliyi Prezident təqaüdçülərinə paylanıldı, həmçinin AMEA-nın həqiqi və müxbir üzvü seçilmiş universitet əməkdaşlarına hədiyyələr təqdim edildi.
Yeni dərs ilinin başlanması münasibətilə müəllim və tələbələri təbrik edən səhiyyə nazirinin müavini Elsevər Ağayev biliyin keyfiyyətli təhsildən keçdiyini vurğuladı, bu sahədə dövlətin gördüyü işlərdən danışdı. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində əsaslı təmir olunmuş və yenidən tikilmiş tibb ocaqlarının sayının artıq 600-ə yaxınlaşdığını bildirən nazir müavini dedi ki, ən müasir avadanlıqlarla təchiz edilmiş bu müəssisələr tələbələrin yolunu gözləyir.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət Həsənova Azərbaycan təhsilinin və səhiyyəsinin infrastrukturunda əsaslı islahatlar aparıldığını qeyd etdi. Bildirildi ki, bütün bu irəliləyişlərin kökündə Azərbaycanın daim artan iqtisadi gücü dayanır. Bütün sahələrdə gedən dinamik inkişaf isə ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan iqtisadi siyasətin təntənəsinin göstəricisidir.
M.Həsənova çıxışının sonunda tələbələri təbrik etdi və onlara təhsillərində uğurlar arzuladı.
Digər çıxış edənlər də ölkəmizdə ildən-ilə müəllimlərin və həkimlərin maddi rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışdılar.
ATU-nun II müalicə-profilaktika fakültəsinə 700 balla qəbul olmuş İlkin Məmmədzadə çıxış edərək daim bu ali təhsil ocağının adını ucaldacağına və müəllimlərinin etimadını doğruldacağına söz verdi.