ELM VƏ TƏHSİL
Azərbaycan Tibb Universitetində məzun günü olub
Bakı, 29 may, İbrahim Əsədov, AZƏRTAC
Mayın 29-da Azərbaycan Tibb Universitetində (ATU) bu ali məktəbi 2014-2015-ci tədris ilində bitirən məzunlarla görüş olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulayıb.
Azərbaycan Tibb Universitetinin inkişaf mərhələləri barədə məlumat verən rektor bu ali məktəbdə müasir tələblərə cavab verən tədris şəraitinin yaradıldığını, təhsil müəssisəsinin yeni klinikalarının fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Akademik Ə.Əmiraslanov ATU-da yüksək ixtisaslı həkim kadrlarının hazırlanması üçün reallaşdırılan tədbirlərdən də bəhs edib.
Qeyd olunub ki, 2014-2015-ci tədris ilində ATU-nu 1056 tələbə bitirir. Məzunların 127-si xarici ölkə vətəndaşıdır. Universiteti bitirənlərin 64-ü fərqlənmə diplomuna layiq görülüb.
Tədbirdə səhiyyə nazirinin müavini Elsevər Ağayev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət Həsənova və digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi böyük diqqət və qayğıdan danışıb, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildiriblər.
Natiqlər məzunları təbrik edib, onlara tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Çıxış edən məzunlar onların təhsilinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirib, xalqımıza ləyaqətlə xidmət edəcəklərinə söz veriblər.
Universitetin bir qrup məzununa diplomlar təqdim olunub.