CƏMİYYƏT
Azərbaycan Tibb Universitetinin yay məktəbi fəaliyyətə başlayıb
Bakı, 19 iyul, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) yay məktəbi fəaliyyətə başlayıb. Yay məktəbinə 36 fənn üzrə 426 tələbə cəlb olunub.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun müdiri Mahir Quliyevin sözlərinə görə, burada dərslər iyulun 10-dan etibarən başlayıb və 5 həftə davam edəcək. Altıncı həftədə tələbələr imtahan verəcəklər. Bu iş üçün hər dekanlıqdan bir nəfər rəhbər seçilib. Bundan başqa, prosesə hər gün nəzarət olunur və rəhbərliyə məlumat verilir.
M.Quliyev yay məktəbinin tələbələr üçün çox faydalı olduğunu bildirərək deyib: “Tibb Universitetində fənlərin ardıcıllığı var. Misal üçün Anatomiya-1 fənnindən imtahan verməyən tələbə Anatomiya-2 üzrə fənn imtahanına buraxılmır. 2016-2017-ci tədris ilinin birinci semestrində Anatomiya-1 fənnindən kəsilən tələbələr yay məktəbində Anatomiya-2 fənnini götürüb, bu fəndən müvəffəqiyyətlə keçərsə II kursda Anatomiya-3 fənnini götürə biləcək. Əks halda tələbə II kursun I semestrində Anatomiya-3 əvəzinə, Anatomiya-2 fənnini götürməyə məcburdur. Bu da tələbənin müəyyən qədər geridə qalmasına səbəb olur”.